“Maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq kapital bazarının inkişaf etdirilməsi, repo bazarının canlandırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası, “Bakı Fond Birjası” QSC (BFB) və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının nümayəndələrinin təklifləri əsasında “Bakı Fond Birjası”nda qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi qaydaları”na dair dəyişikliklər təsdiq edilib.
DiasporPress.az xəbər verir ki, bu barədə BFB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, təsdiq olunan dəyişikliklər kapital bazarının inkişaf etdirilməsi, repo bazarı və marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılması ilə bağlı məsələləri ehtiva edir. Qaydalarda qabaqcıl ölkələrin təcrübələri nəzərə alınmaqla aşağıdakı vacib dəyişikliklər öz əksini tapıb.
Repo bazarının stimullaşdırılması üçün dəyişikliklər:
– Repo predmeti olan korporativ qiymətli kağızların dairəsi genişləndirilib. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq, BFB-nin əsas və standart bazar seqmentində listinqə daxil olan bütün korporativ qiymətli kağızlar repo predmeti ola bilər. Habelə, yüksək reytinqli (ən azı «B-») və birjada marketmeyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli kağızları da repo predmeti ola bilər.
– Beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq reponun bağlanma tarixinin reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi və ya geri satınalınmasının başlanması tarixindən ən azı 5 gün əvvəl olması tələbi çıxarılıb. Bu repo əməliyyatlarının daha uzun müddətə bağlanmasına imkan verəcək və repo ilə maliyyələşməni təmin edəcək.
– Repo predmeti olan qiymətli kağızların satıcının hesabında yox, alıcının hesabında dondurulması tələbi müəyyən edilib. Bununla da, repo satıcısının müddət tamamlandıqdan sonra öhdəliyini yerinə yetirmədiyi halda repo predmeti üzrə bütün hüquqlar repo alıcısına keçdiyi üçün proses daha qısa zamanda həll olunacaq. Eyni zamanda, repo müddəti ərzində repo predmeti olan qiymətli kağızlar üzrə əldə edilən faiz və yaxud divident gəlirləri repo alıcı tərəfindən əldə ediləcək.
– Əlavə olaraq, yeni qaydalarda tərəfləri bir-birinə məlum olan və qabaqcadan razılaşdırılmış qiymətlə və şərtlərlə bağlanan ünvanlı satış əqdlərinin optimallaşdırılması üçün iri həcmli əqdlərin məbləği təkrar bazarda marketmeykeri olan istiqrazlar üzrə 10 milyon manatdan 1 milyon manata, digər istiqrazlar üzrə isə 5 milyon manatdan 500 min manata endirilib.
Bu dəyişikliklər BFB-də aparılan əməliyyatların beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, repo bazarının inkişafına, birjada bağlanan əqdlərin sayının və likvidliyin artmasına, maliyyə vasitəçilərinin iştirakının stimullaşdırılmasına və birjadankənar bazarda bağlanan əməliyyatların fond birjasına gətirilməsinə dəstək ola bilər.
DiasporPress.az