11 iyun 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Komitə sədri Bahar Muradovanın istedadlı uşaqlar və gənclərlə görüşü keçirilib.
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş görüş Asiya Fakt İnformasiya Ağentliyinin “Sizi tanıyaq” layihəsi çərçivəsində baş tutub. Layihənin məqsədi istedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik və dövlətçilik ruhunu aşılamaq və müstəqil özünüifadəetmə bacarıqlarını formalaşdırmaqdır.
Tədbirdən öncə uşaqlarla Vətən müharibəsi qaziləri arasında keçirilən görüşdə vətənpərvərlikləri ilə örnək olan qazilərimizin döyüş xatirələri dinlənilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu ehtiramla yad edilib.
Daha sonra uşaqlar Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.
Uşaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova belə görüşlərin onları daha yaxından tanımaq, fikir və düşüncələrini öz dilindən eşitmək üçün gözəl imkan olduğunu qeyd edib. Bu gün ölkəmizdə uşaqların hərtərəfli inkişafı, ən yaxşı maraqlarının qorunması, onların milli-mənəvi dəyərlər ruhunda yetişməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi bildirilib.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ailə, qadın və uşaq siyasətinin bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən sədr, bu siyasətin uğurlu nəticələrinin istər qanunvericilik sahəsində, istərsə də dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətində özünü biruzə verdiyini diqqətə çatdırıb. Bu fəaliyyətdə Komitə nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin də payının olduğunu vurğulayan B.Muradova, hər gün burada ailələrin, qadın və uşaqların problemlərinin aradan qaldırılmasında dəstək göstərildiyini deyib.
Qazilərin də iştirak etdiyi tədbirdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərə şahidlik edən uşaqların nümunəvi vətəndaşlar kimi yetişərək öz istedad və bacarıqlarının köməyilə ölkəmizin daha böyük uğur və qələbələrə imza atmasına töhfə verəcəyinə inam ifadə edilib.
Daha sonra layihənin rəhbəri, Asiya Fakt İnformasiya Agentliyinin redaktoru Vüsalə Qələndərli layihə barədə ətraflı məlumat verib.
Tədbir uşaqların vətənpərvərlik mövzusunda çıxışları və onların əl işlərindən ibarət sərgi ilə davam edib.
Tədbirin yekununda xüsusi istedadı, əldə etdiyi uğurları ilə fəqlənən uşaqları təşəkkürnamələrlə təltif edən Komitə sədri, onları Milli Qurtuluş Günü münasibətilə təbrik edib, heyrətləndirici çıxışlarına görə onlara təşəkkürünü bildirib.
Dəvəti qəbul edib uşaqlarla görüşə vaxt ayırdığına görə Bahar Muradovaya təşəkkür edən Vüsalə Qələndərli Asiya Fakt İnformasiya Agentliyi və “Sizi tanıyaq” layihəsi adından Komitə sədrini “44 günlük Vətən müharibəsində milli vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə” təltif edib.
Sonda uşaqlarla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 4 ildir davam edən “Sizi tanıyaq” layihəsinin 250 nəfər üzvünün mütəmadi olaraq ziyalılar, millət vəkilləri, tanınmış ictimai xadimlərlə görüşləri təşkil olunur.
BÜNYAMİN BÜNYADZADƏ
DİASPORPRESS.AZ