“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi Şaul Simon-Tov və “Azİz” prezidentinin köməkçisi Orxan Rəsulzadə Vətən müharibəsində yaralanmış əsgərləri müalicə etmək məqsədilə Azərbaycana səfər edən həkimlərdən ibarət nümayəndə heyətinin rəhbəri, cərrah-oftalmoloq Yişay Faliklə görüşüblər.
Onlar İsraildə yaşayan bütün azərbaycanlılar adından oftalmoloqa minnətdarlıqlarını bildiriblər. Görüş zamanı Y.Falik deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis edilən “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvlərindən biri olan görkəmli alim Məsud Aşinanın təşəbbüsü ilə humanitar heyəti formalaşdıraraq könüllü şəkildə Bakıya səfər etmək qərarına gəliblər.
“Müttəfiqlərinə kömək etmək israillilər üçün hər zaman xoşdur. Bu, könüllü işdir. Bu işi görməkdən çox məmnunuq. Əgər bu cərrahi əməliyyatlar İsraildə həyata keçirilsəydi, uçuş xərcləri xaric, 800 min ABŞ dollarına başa gələcəkdi. Ancaq heç birimiz bir dollar və ya Azərbaycan manatı almadıq. Bu işi cəsur əsgərlərə qarşı sevgi ilə dolu ürəyimizlə gördük və kömək etməkdən xöşbəxt olduq. Bir yəhudi və israilli olaraq hiss etdim ki, israillilər humanitar heyətlərin arxasında dayanır. Bu üç mədəniyyətin və üç fərqli dinin – xristianların, müsəlmanların və yəhudilərin dünyaya sağlamlıq gətirmək üçün birlikdə çalışmaları çox təsirlidir”.
Yişay Falik azərbaycanlıları dünyanın ən qonaqpərvər xalqlarından biri adlandırıb. “Hara getməyimizdən asılı olmayaraq, elə bir isti münasibətlə qarşılandıq ki, özümüzü evdəki kimi hiss etdik. İndi özümüzü azərbaycanlı həkimlərlə – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindəki möhtəşəm oftalmoloqlarla bir ailə kimi hiss edirik”.
Diasporpress.az