Həvəskar boks üzrə dünya ikincisi Ramal Amanov peşəkar rinqdə növbəti döyüşünə çıxacaq.
DiasporPress.az-ın xəbərinə görə, 35 yaşlı idmançı ABŞ-ın Nyu-York şəhərindəki “Madison Square Garden”da təşkil olunacaq boks gecəsində yerli idmançı Brayan Sebalyo ilə mübarizə aparacaq.
Ramal Amanovun bu, peşəkar rinqdə 17-ci görüşü olacaq. Bundan əvvəl boksçumuz keçirdiyi 16 görüşdə qalib gəlib. Onun rəqibi isə keçirdiyi 10 görüşün hamısında qələbə qazanıb. Maraqlıdır ki, çəkiölçmə mərasimində təşkilatçılar Ramalın Azərbaycanı təmsil etdiyini qeyd etməyiblər.
Gecənin əsas döyüşü qazaxıstanlı məşhur boksçu GGG Gennadi Qolovkinlə ukraynalı Sergey Derevyançenko arasında olacaq. Bütün görüşlər Rusiyanın “Matç Boyets” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Onu da bildirək ki, Ramal Amanov ilk dəfə peşəkar rinqdə döyüşünü 2013-cü ilin iyunun 12-də rusiyalı Denis Kenjeqaliyevə qarşı keçirib.