Qahirə Universitetinin professoru, azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov tariximiz və klassik ədəbi irsimizlə bağlı dəyərli məlumatları üzə çıxarmaqda davam edir.
Diasporpress.az xəbər verir ki, alimin növbəti uğuru Qahirənin qədim əlyazmalarla zəngin kitabxanalarından biri olan (burada 60 minə yaxın əlyazma saxlanılır) “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) Xaqani Şirvaninin əlyazmalarını tapması olub. Belə ki, S.Nəsirov şairin “Divan Xaqani” adlı divanının dörd nüsxəsini (üçü tam və dördüncüsü natamamdır) və “Töhfətül İraqeyn” divanının əlyazma nüsxəsini aşkar edib.
Tədqiqatçı-alim Ednews-a özəl açıqlaması zamanı bildirib ki, Xaqani Şirvani ərəb mənbələrində iki adla təqdim olunur.
“Birinci variantda Fəzləddin Bədil Əli oğlu əl-Xaqani əl-Şirvani kimi tanındığı və Hicri tarixi ilə 595–ci (miladi 1199) ildə vəfat etdiyi qeyd edilir. İkinci təqdimatda isə Əfzələddin Əli oğlu İbrahimin həkim Xaqani adı ilə məşhur olduğu və Hicri tarixi ilə 582–ci (miladi 1186) ildə vəfat etdiyi yazılıb”.
Alimin sözlərinə görə, birinci nüsxə Hicri tarixi ilə 1012-ci (Miladi 1603) ildə gözəl nəstəliq xətti ilə köçürülüb və bu əlyazma 369 vərəq və 17 sətirdən ibarətdir.
“İkinci nüsxə isə qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində Hicri tarixi ilə 858–ci (Miladi 1454) ildə köçürülüb. Qeyd edək ki, bu nüsxənin birinci səhifəsi yoxdur. Əlyazma 322 vərəq və 21 sətirdən ibarətdir. Nəhayət 3-cü nüsxə də qızılı çərçivəyə alınaraq, gözəl nəstəliq xəttində Hicri tarixi ilə 1009-cu (Miladi 1600) ildə Ümməti Türbəti tərəfindən köçürülüb, 335 vərəq və 20 sətirdən ibarətdir”.
Seymur Nəsirov həmçinin qeyd edib ki, hicri tarixi ilə 823-cü (miladi 1420) ilə aid olan dördüncü nüsxə Fürsət Ğərib tərəfindən köçürülüb. Burada Xaqani ilə yanaşı müxtəlif şairlərin əsərləri də mövcuddur.
“Töhfətül İraqeyn” adlanan son nüsxədəki əsəri Xaqani Şirvani Hicri tarixi ilə 551-ci (Miladi 1156) ildə, ilk Həcc ziyarətində yazdığı qeyd olunur. Bu əlyazma Hicri tarixi ilə 1106-cı (Miladi 1694) ilin səfər ayında Məhəmməd Əli İzzəddin Əhməd oğlu əl-Şirazi tərəfindən köçürülüb və 12 sətirdən ibarətdir”.
Qeyd edək ki, araşdırmaçı alim S.Nəsirov bundan öncə də Nizami Gəncəvinin “Xəmsə”si və İmadəddin Nəsiminin Azərbaycan dilində “Külliyatı”nın əlyazmaları haqqında məlumat verib. O, Misirdə ərəb mənbələrinə istinadla 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın və çoxlu sayda elmi məqalələrin müəllifidir.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporuna rəhbərlik edən tədqiqatçı-alim, eyni zamanda, dünyanın 50 ölkəsindən olan və Qahirədə təhsil alan mindən çox tələbəyə rəhbərlik edir.