Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. Həmin qəhrəmanlardan biri də yəhudi xalqının nümayəndəsi, adı dillərdə əzbər olan Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovdur. Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsini Azərbaycan xalqı hər zaman əziz tutur, onun adını əbədiləşdirir.
Mayın 8-də Müdafiə Nazirliyinin əməkdaşlarının, Diasporla İş üzrə Dövlət Komitəsinin, qəhrəmanın ailə üzvlərinin, döyüşçü yoldaşlarının, veteran tankçıların, qazilərin iştirakı ilə Şəhidlər xiyabanında Albert Aqarunovun anım günü keçirilib, onu məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Anım tədbirində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimov, Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov, Müdafiə Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği məqsədilə belə tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib.
Çıxış edənlər Albert Aqarunovun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli Albert Aqarunov da həyatını canı qədər sevdiyi Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində cəsur oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına qalxan Albert kimi oğulların həyata keçirə bilmədikləri arzularını onların qəhrəman davamçıları döyüş meydanında gerçəkləşdirdilər. Albert Aqarunovun 29 il əvvəl həlak olduğu Şuşa artıq düşməndən azad edilib, bütün şəhidlərimizin qisası alınıb. Bu, Azərbaycan xalqının qələbəsidir.
Məlumat verilib ki, Albert Aqarunov Qarabağda döyüşlərin başladığı ilk vaxtlardan Şuşada tank komandiri təyin edilib. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. O, 1992-ci il mayın 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli fərmanı ilə Albert Aqarunov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Azərbaycan tankçılarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açılan anım tədbirində çıxış edənlər göstərilən diqqət və qayğıya görə təşkilatçılara və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Albert Aqarunov təkcə yəhudi xalqının deyil, həm də Azərbaycan xalqının oğludur. Onun şərəfli ömür yolu hər bir gəncimiz üçün örnəkdir.
Diasporpress.az