Azərbaycan Aşqabadda keçirilən “Türkmənistan nefti və qazı-2019” beynəlxalq sərgi və konfransında iştirak edir.
DiasporPress.az Türkmənistanın dövlət xəbər agentliyinin saytına istinadən xəbər verir ki, “Turkmenneft” dövlət konserninin təşkil etdiyi sərgi-konfrans bu gün başlayıb.
Forumun məqsədi Türkmənistanın neft-qaz sektoruna xarici sərmayələrin və qabaqcıl texnologiyaların cəlb edilməsi, eyni zamanda Türkmənistanın neft-qaz ehtiyatlarının inkişafı sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Sərgi-konfransda Türkmənistan və digər ölkələrdən onlarla neft-qaz şirkəti iştirak edəcək. Forumun qonaqları arasında Rusiya, ABŞ, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Malayziya, Yaponiya, İtaliya və digər ölkələrin nümayəndələri var.
Konfrans zamanı yanacaq-enerji sektorundakı qlobal tendensiyaların inkişafı məsələlərinin müzakirə edilməsi və hazırda Türkmənistanın neft-qaz sektorunda həyata keçirilən əsas layihələrin vəziyyətləri barədə forum iştirakçılarına məlumat verilməsi planlaşdırılır.
Forum çərçivəsində xarici şirkətlərin nümayəndələri Türkmənistanın neft-qaz kompleksinin rəhbərliyi ilə görüşəcək, Türkmənistanın neft-qaz bazarında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün aktual məsələləri müzakirə edəcəklər. Bundan əlavə, konfrans çərçivəsində Aşqabad yaxınlığında olan və təbii qazdan sintetik benzin istehsal edildiyi yeni açılmış qaz-kimya zavoduna baş çəkmək planlaşdırılır.
DiasporPress.az