“İslahatçı Gənclər” İctimai Birliyi və “Edu Time” Təhsil və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramına start verilib.
Proqramın ilk günündə iştirakçılar İstanbul Aydın Universitetini ziyarət ediblər.
Ali təhsil ocağının rəhbərliyi Azərbaycandan gələn heyətə universitetdəki təhsil şəraiti və müasir texnologiyalar barədə ətraflı məlumat verib.
Bildirilib ki, İstanbul Aydın Universiteti (İAU) Türkiyənin ən nüfuzlu universitetlərindəndir və hazırda 40 mindən çox tələbəsi var. Qeyd edilib ki, İAU türk və xarici tələbələrin ən çox seçdiyi vəqf universitetidir.
Daha sonra azərbaycanlı müəllimlər “Təhsildə müasir texnologiyalar və sinif daxili təhsil strategiyaları” mövzusunda təlimdə iştirak ediblər. Azərbaycandan gələn təhsil işçiləri təhsildəki son akademik yeniliklər barədə məlumatlandırııb.
Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqda türkiyəli həmkarlarına məlumat verib. Təlim qarşılıqlı müzakirələrlə davam edib.
Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramında Bakı, Sumqayıt və Naxçıvan Muxtar Respublikasından məktəb rəhbərləri və müəllimlər iştirak edir.