“Azərbaycan Respublikası Gənclər Fondu”nun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi İctimai Birliyi”nin təşkilatçılığı ilə üç gün ərzində davam edən “Azərbaycan Turizminin İnkişafında Gənclərin Rolu” adlı təlim proqramının bağlanış mərasimi keçirilib.
İnterpress.az xəbər verir ki, bağlanış mərasimində çıxış edən layihə rəhbəri Taleh Mansurov layihəyə göstərilən dəstək və maraq üçün minnətdarlığını bildirib. Taleh Mansurov ölkənin turizm imkanlarının təbliğatında gənclərin rolundan bəhs edib.
“Gənclərin Töhfəsi İctimai Birliyi”nin sədri Asim Vəliyev öz çıxışında gənclərin turizm sahəsində maariflənməsi üçün bu cür layihələrin davamlı olmasının vacibliyi çatdırıb.
Təşkilatın icraçı direktoru Məhsəti Hüseynova turizm sektorunun Azərbaycan üçün önəmindən bəhs edərək bu sahəsinin ölkəmiz üzrə potensialından danışıb.
Layihənin təlimçisi, “Selçuk Universiteti”nin dekanı prof. Abdullah Karaman çıxış edərək üç gün ərzində keçirilən təlimlərin turizm sahəsi üzrə ixtisaslaşan gənclərin gələcək kariyeralarına göstərə biləcəyi müsbət təsirləri vurğulayıb. Prof. Abdullah Karaman işğaldan azad olan ərazilərin tam şəkildə bərpasından sonra həmin ərazilərin də turizm üçün olduqca əlverişli olacağını və ərazinin ölkənin turizm mərkəzlərindən birinə çevriləcəyini deyib.
“Mətanət A” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad İmanov son illərdə Azərbaycanın turizm sahəsindəki inkişafı ilə bağlı statistik məlumatları diqqətə çatdırdı. Rəşad İmanov bildirib ki, son illərdə ölkədə turizm sektoruna olan diqqət və yatırımın daha da artması öz bərabərində ölkənin beynəlxalq arenada turizm üçün əlverişli sayılan ölkələr sırasına daxil olması üçün şərait yaradıb.
Çıxışlardan sonra təlim proqramını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim olunub.
Tədbirin sonunda layihə təşkilatçıları və iştirakçılardan ibarət xatirə şəkli çəkilib.