Ölkə

Azərbaycan şəhidlərini andı – YENİLƏNİB + VİDEO

Azərbaycan şəhidlərini andı – YENİLƏNİB + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan xalqı Vətən Müharibəsində həyatlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bu münasibətlə bütün ölkə ərazisində hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Azərbaycan canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir.

Anım Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı çərçivəsində baş tutur.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixindəki misilsiz yerini bir daha təsbit edən bir sıra sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edildiyi gün – noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq.

Bundan başqa, Prezident İlham Əliyev Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq.

Xatırlatmaq yerinə düşər ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılarımıza şəfa versin! Zəfər onların əsəridir!

 

Diasporpress.az