Ölkə

Azərbaycan Prezidenti: “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”

Azərbaycan Prezidenti: “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı deyib.

“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.

Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.

Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər”, – dövlət başçısı bildirib.

Diasporpress.az