Azərbaycan könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Diasporpress.az xəbər verir ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv olan könüllülər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçiriblər.
Azərbaycan könüllüləri soyqırımı qurbanlarının yad edilməsi, faciənin beynəlxalq birlik tərəfindən layiq olduğu siyasi-hüquqi qiyməti alması istiqamətində vətəndaşlar arasında təbliği və şəhərimizin qonaqlarının Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açan insanlığa qarşı cinayət haqqında məlumatlandırılması məqsədilə şəhərin müxtəlif ərazilərində sakinlərə bukletlər paylayıblar.
Turistlərin və ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının Xocalı soyqırımı həqiqətləri ilə tanış olması üçün “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində hazırlanmış bukletlər, 24-25 fevral tarixlərində şəhərin müxtəlif ərazilərində, Hüseyn Cavid parkı, Fəvvarələr meydanı, Sahil bağı, Elmlər, Sahil, İçərişəhər və Gənclik metrolarının qarşısı, ASAN Xidmət və DOST Mərkəzlərində paylanılıb.
Fevralın 26-da AKTİ-nin təşkilatçılığı ilə müxtəlif qurumları təmsil edən könüllülər Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə “Ana harayı” abidəsinə yürüş təşkil ediblər.
Rəsmi nümayəndələrin və təşkilat rəhbərlərinin iştirakı ilə baş tutan yürüşdə 300-ə yaxın Azərbaycan könüllüsü iştirak edib.
Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və onların xatirəsini ehtiramla yad edirik!