28 oktyabr 2019-cu il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
XİN-dən verilən məlumata görə, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək, onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.
Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.
Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdiyi fonda bu cür “birgə bəyannamə”nin imzalanması, o cümlədən Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.
Xatırladırıq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni “sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, “Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.
Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz “sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəşilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirildi.
Fransa səfirinin diqqəti bu arzu olunmayan tendensiyalara yönəldilərək, ondan ölkəsinin XİN-i qarşısında məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.
Fransa səfiri Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana etdiyi səfəri proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.
DiasporPress.az