Bu gün Qətərin paytaxtı Dohada ilk Dünya Çimərlik Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışa yekun vurulub.
DiasporPress.az xəbər verir ki, İbrahim Yusubov (-80 kq) A qrupunda rumıniyalı Vasile Madalin Minzal (3:1), ispan David Kintana (3:0) və çilili Antonio Kastroya (3:0) qalib gəlib, gürcü Davit Xutsişviliylə görüşdə isə hesab açılmayıb. Gürcüstan təmsilçisinin çəkisi daha az olduğundan, qələbə rəqibə verilib. Bununla belə, yarımfinala vəsiqə qazanan Yusubov ukraynalı Vasili Mixaylovu 3:1 hesabıyla üstələyərək finala yüksəlib. Həlledici görüşdə yenidən Davitlə üz-üzə gələn İbrahim bu dəfə də məğlub olaraq gümüş medalı boynundan asıb.
Böyük ümidlər bəslədiyimiz Oyan Nəzəriani isə (+90 kq) B qrupunda ispan Xose Kuba Vaskes (3:0) və rumıniyalı Daniel Kintoana (3:0) qalib gəlib, gürcü Mamuka Kordzayaya (1:4) uduzub. Güləşçimiz yarımfinalda iranlı Puya Rəhmani (0:3) ilə bacarmayıb. Oyan III yer uğrunda görüşdə yenidən Mamukayla qarşılaşıb. Bu dəfə qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sonuncu xalı rəqib qazandığından, Nəzəriani IV yerlə kifayətlənib.
Bununla da Azərbaycan Dünya Çimərlik Oyunlarında çıxışını başa vurub. Bu yarışa üç idman növü üzrə yeddi idmançı ilə qatılan Azərbaycan beş medal qazanıb. Bunların dördü gümüş, biri bürünc medal olub.
DiasporPress.az