Rusiyanın Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun Yekaterinburq şəhər başçısı Aleksey Orlovla görüşü keçirilib.
Sverdlovsk vilayətində “Azərbaycan–Ural” ictimai milli-mədəni təşkilatının təşəbbüsü ilə baş tutan görüşdə Kirov rayonunun başçısı Vladimir Bolikov, siyasət və KİV üzrə mer müavini Sergey Plaxotin və 650 nəfərdən çox soydaşımız iştirak ediblər.
Tədbiri açıq elan edən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhər başçısına Azərbaycan diasporunun uğurları, soydaşlarımızın Yekaterinburqun həyatında oynadığı fəal rol, şəhərin və vilayətin inkişafına verdikləri töfhələr barədə ətraflı məlumat verib.
Aleksey Orlov şəhər və vilayətdə aparılan müsbət dəyişiklikləri nəzərə çatdırıb, milli diasporlarla yerli hakimiyyət orqanları arasında əməkdaşlıq, ictimai ərazilərin abadlaşdırılması və səhiyyə ilə bağlı gələcək planlarını bölüşüb.
Müzakirələr zamanı soydaşlarımız Yekaterinburqun küçələrdən birinə Azərbaycanın görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adının verilməsi, KİV-də etnik ədavəti qızışdıran yazıların qarşısının alınması təklifləri ilə çıxış ediblər.
Öz növbəsində şəhər başçısı soydaşlarımızı 4 sentyabr tarixində V.Mayakovski adına Mərkəzi mədəniyyət və istirahət parkında keçiriləcək “Orta Ural Xalqları Günü” bayramında fəal iştirak etməyə çağırıb.
Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.