Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları bir sıra tədbirlər həyata keçirirlər.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarından Diasporpress.az-a bildirilib ki, assosiasiya və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutan növbəti tədbirdə Bakı və paytaxt ətrafı bələdiyyə sədrləri də iştirak ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev yerli özünüidarəetmənin yaradılmasını Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesinin bir sahəsidir.
Vurğulanıb ki, yerli özünüidarəetmə orqanlarının xüsusən də bələdiyyələrin statusunun əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya ilə müəyyənləşib. Azərbaycanda bələdiyyələrin yaranması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli Ulu Öndərimiz tərəfindən qoyulan ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür.
Qeyd edilib ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşəbbüsü ilə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində beynəlxalq təcrübədən yararlanaraq yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atırlar. Bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlığı davam etdirilib, yeni qanunların qəbul olunmasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təklifləri nəzərə alınır. Məhz bu baxımdan da bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin, bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər çoxdur.