Azərbaycan sülhsevər dövlətdir və onunla qarşılıqlı xoş münasibətlər yaratmaq istəyən ölkələrlə yeni əməkdaşlıqlara açıqdır. Bu baxımdan qeyd etmək istəyirəm ki, əslində hər bir dövlət üçün ikitərəfli əməkdaşlıqlar qurmaq onun gələcək iqtisadi, siyasi, sosial perspektivləri baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan dəfələrlə belə əməkdaşlıqların qurulması üçün cəhdlər göstərmiş və müvəffəq olmuşdur. Bu gün biz yeni addımları yeni reallıqlara uyğunlaşdırırıq. Azərbaycan bu gün inkişafının kuliminasiya nöqtəsindədir. Tərəqqimiz elə bir səviyyəyə yüksəlmişdir ki, artıq biz bunun nəticəsini görürük. Bu gün yeni reallıqların diqtəsi iqtisadi cəhətdən güclü, inkişaf etmiş ölkələrin Azərbaycanla ikitərəfli əlaqələr qurma təşəbbüsüdür. Azərbaycan bu kimi cəhdlərə müsbət reaksiya verməkdədir. Bunun ən gözəl nümunələrindən biri cənab Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibli görüşü və cənab Prezidentin 18 may tarixli bəyanatıdır.
İki dövlətin iş adamlarının təmsil olunduğu biznes forumda hər iki Prezident iştirak etmişdir. Litva Respublikasıbu istiqamətdə cəhdlərin ümidverici olduğunu vurğulamışdır. Azərbaycan-Litva münasibətləri bu gün formalaşmayıb. Bu münasibətlərin dərin tarixi vardır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etmişdir.
Sevindirici haldır ki, Avropa artıq Azərbaycanı əlverişli enerji mənbəyi kimi görür. Bu ölkə başçısının qurduğu düzgün strategiyanın nəticəsidir. II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşması bir zamanlar bizimlə əməkdaşlıqda maraqlı olmayan ölkələr üçün belə bu gün müsbət nəticələr doğurur. Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərməyib, bu da bölgəni böyük strateji tərəfdaşlıqlardan kənar saxlamış və nəticədə regionun inkişafını ləngitmişdir.
Azərbaycan 30 ilə yaxın müddətdə danışıqlara sadiq qalmış və dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinə çağırmışdır. Zamanında BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqları ilə bağlı olan qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, Azərbaycan xalqının özünümüdafiə hüququndan istifadəsi nəticəsində regionda başlanan müharibə Ermənistanın və eyni zamanda dünya ictimaiyyətinin bu məsələyə məsuliyyətsiz mövqeyinin nəticəsi oldu.
Sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi 5 prinsip beynəlxalq hüquq normalarına tam uyğundur. Ermənistanınaprelin 29-u tarixi üçün nəzərdə tutulan öncədən razılaşdırılmış görüşü ləğv etməsi növbəti məsuliyyətsiz mövqeyindən xəbər verir və narahatlıq doğurur. Sərhədlərin delimitasiyası məsələsi zərurətdir. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır. Bu dəfə Azərbaycan bu məsələyə tam məsuliyyətli yanaşılmasını və yeni görüş tarixini gözləyir. Hesab edirəm ki, yeni reallıqlar fövqündə dünya ictimaiyyəti bu dəfə səssiz qalmayacaq, Ermənistanın davam edən məsuliyyətsiz mövqeyini şiddətlə qınayacaqdır.
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov