Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın paytaxtı Bişkekdə Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclasına qatılıb.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, tədbirdə Qırğızıstanın Gənclərlə Iş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qırğızıstanın İnformasiya və Sosial İnkişaf naziri, Türkiyənin Gənclər və idman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və idman nazirləri də iştirak edir. .
Türk Şurasına üzv Dövlətlərin gənclər sahəsindəki əməkdaşlığı, Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun, 3-cü Türk Şurası Gənc Liderlərin Forumunun tarixlərinin müəyyən olunması və digər mühüm məsələlər iclas zamanı gənclər sahəsində aparılan müzakirələr sırasında olub. 2020-ci ildə Qazaxıstanda gerçəkləşdiriləcək 2-ci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq 4-cü Dünya Köçəri oyunları, Türk Şurasına üzv dövlətlərin dopiqnlə mübarizə məsələsi, Türkiyə Anti- Dopinq Komissiyasının təcrübə mübadiləsi və bu sahəni əhatə edən digər mühüm mövzular idman sahəsinin müzakirə mərkəzində olub.
İclasda çıxış edən nazir Azad Rəhimov bildirib ki, hazırda Bişkekdə baş tutan iclasdan öncə İstanbul, Bakı və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Nazir Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığımızın düzgün istiqamətdə getdiyini bildirib.
“Azərbaycan 2016 – 2019-cu illərdə Türk Şurasının 3 gənclər, 2 idman tədbirlərinə və 1 dəfə nazirlərin iclasına ev sahibliyi edib. Eyni zamanda, Türkiyə, Qazaxıstan və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançılarının iştrakı təmin edilib” deyən nazir ölkə başçısı cənab İlham Əliyevin istər gənclər, istərsə də, idman sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, hazırda ölkədə 40-dək gənclər evi və mərkəzlərinin inşa edilərək, gənclərin ixtiyarına verildiyini, artıq Azərbaycanda 45 olimpiya idman kompleksinin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. A.Rəhimov Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər idman qurğularında ən yüksək idman yarışlarının təşkil olunduğunu da bildirib.
Nazir ötən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyasının Bakıda təşkil edildiyini xatırladıb: “Baş Assambleyanın Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirildiyini nəzərə alsaq, yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş Assambleyalar məhz Zirvə Toplantıları öncəsi keçirlisin”.
Nazir Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda Platformaya Azərbaycanın sədrlik etdiyini və mövcud əlaqələrimizdən və təcrübədən istifadə edərək Platformanın inkişafına töhfələr verəcəklərini bildirib. A.Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif edib.
Səfər çərçivəsində azərbaycanlı nazir və Qırğızıstan Respublikası Hökuməti yanında Gənclər, bədən tərbiyəsi və idman direktoru Kanat Amankulov arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş və Gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər planı imzalanıb.
DiasporPress.az