Diaspor

Axısxa Türklərinin öz vətənlərinə qayıtmasına süni əngəllər var” – MÖVLUD İŞIK

Axısxa Türklərinin öz vətənlərinə qayıtmasına süni əngəllər var” – MÖVLUD İŞIKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Gürcüstana qayıtmaq istəyən Axısxa Türklərinə deyilirdi ki, siz vətəndaşlıqdan çıxın, sonra gəlin, dövlətə müraciət edin…”

2021-ci il noyabrın 14-də Axısxa Türklərinin Gürcüstandakı doğma torpaqlarından deportasiya olunmalarından 77 il ötdü. Dəyərli oxucularımıza bəllidir ki, biz, Qafqaz.media olaraq, Axısxa Türklərinin dəhşətli faciəsinin ildönümü ərəfəsində bu mövzuda çox sayda yazılar dərc etdik. O cümlədən, Ziyəddin Kassanovun rəhbərlik etdiyi Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) ildönümü ərəfəsində gördüyü işlər, keçirdiyi görüşlər və s. haqda da oxucularımıza məlumat verdik. Bu dəfə isə baş ofisi qardaş Türkiyədə yerləşən DATÜB-ün mətbuat katibi Mövlud İşıkla dünyanın 9 ölkəsində yaşayan Axısxa Türklərinin yaşam tərzi, fəaliyyəti, eləcə də onların öz dogma yurdlarına – Gürcüstana nə üçün dönə bilməmələri haqda suallara cavab tapmağa çalışdıq.

– Mövlud bəy, oxucularımızın Sizi daha yaxından tanıması üçün ilk olaraq özünüz haqda məlumat vermənizi xahiş edirik.

– Mən Mövlud İşık, Dünya Ahıska Türkləri Birliyinin mətbuat katibiyəm. Eyni zamanda Qazi universitetinin doktorantıyam, radio-televiziya və sinema bölümündə təhsil alıram. Dissertasiya üzərində çalışıram.

“2015-ci ildə Ukraynadakı problemli bölgələrdən Axısxa Türklərinin köç etdirilməsi prosesini Türkiyə dövləti ilə DATÜB birgə təşkil edib”

– Təmsil etdiyiniz Dünya Ahıska Türkləri Birliyi nə vaxtdan yaranıb, nə kimi işlərlə məşğuldur?

– Dünya Ahıska Türkləri Birliyi 2010-cu ildə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə təsis edilmişdir. DATÜB-ün təsis edilməsinin əsas məqsədlərindən biri dünyadakı Axısxa Türklərinin koordinasiyasının tək bir çatı altında, bir mərkəzdən idarə edilməsidir. DATÜB-ün üç ana hədəfi var:

Birincisi, dünyada yaşayan Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Axısxa bölgəsinə köçünün təmin edilməsi.

İkinci hədəfi Axısxa Türklərinin yaşadıqları bölgələrdə problemlərinin həll edilməsi, onlara dəstək olunması. Bildiyimiz kimi, bu gün dünyanın 9 ölkəsində Axısxa Türkləri toplum halında yaşayır.

Üçüncü hədəf isə Türkiyəyə köç etmiş Axısxa Türklərinin problemlərinin həll edilməsidir. Belə ki, bu günə qədər Türkiyədə 75 min nəfərə yaxın Axısxa Türkü artıq vətəndaş statusu almışdır. DATÜB Türkiyəyə köç etmək istəyən Axısxa Türklərinin məlumatlandırılması, köçün necə həyata keçiriləcəyi ilə bağlı işlər görür. Könüllü köçdən danışırıq, kütləvi köçdən söhbət getmir. Bilirsiniz ki, iki cür köç var – planlı köç (Türkiyədə buna iskanlı köç deyirlər) və könüllü köç. DATÜB həm problemli bölgələrdə olan Axısxa Türkllərinin Türkiyə dövləti ilə birgə iskanlı şəkildə Türkiyəyə köçünü həyata keçirir… Yəni köçü Türkiyə dövləti həyata keçirir, amma DATÜB koordinasiyanı təşkil edir. Məsələn, ən son 2015-ci ildə Ukraynadakı problemli bölgələrdən Axısxa Türklərinin köç etdirilməsi prosesini Türkiyə dövləti ilə DATÜB birgə təşkil edib. O vaxt – 2015-ci ildə Ukrayna və Rusiya arasındakı savaş nəticəsində Donbasda və onun ətraf ərazilərində Axısxa Türkləri yaşayan bölgələrdə Axısxa Türklərinin evlərinə bombalar düşdü, onların mülkləri, digər sahib olduqları əşyalar dağıdıldı, heyvanları tələf oldu. Bunun nəticəsində zərurət yarandı ki, burada yaşayan Axısxa Türklərini daha problemsiz ölkələrə köç etdirək. O zaman Türkiyə Cümhurbaşqanı Ərdoğan Ukraynaya səfər edəndə DATÜB sədri Ziyəddin Kassanov və İdarə Heyəti ora səfər etdilər, prezident Ərdoğanla görüşdülər və onu nəzərinə çatdırdılar ki, belə bir problem var, Axısxa Türkləri müharibə zonasında qalıblar, çarəsiz vəziyyətdədirlər, onların Türkiyəyə köçünü təşkil etmək üçün bizə dəstək olun. Bunun nəticəsində də Prezident Ərdoğan Türkiyə dövlətinin iradəsini ortaya qoydu və 2015-ci il dekabr ayının 25-də Axısxa Türklərinin ilk qafiləsi Türkiyəyə gətirildi.

– Həmin vaxt Türkiyəyə necə nəfər köçürüldü? 

– Ümumilikdə 677 ailə Türkiyəyə gətirildi. Türkiyənin Ərzincan bölgəsinə yerləşdirildi. 72 ailə isə Bitlisin Əhlat ilçəsinə yerləşdirildi. Biz mütəmadi olaraq o bölgələrdə yaşayan Axısxa Türkləri ilə əlaqədəyik. DATÜB-ün Türkiyədə 14 bölgədə təmsilçiliyi var. Bu təmsilçiliklərdən biri Ərzincandadır, çünki o bölgəyə iskanlı köç həyata keçirildi. İkincisi isə Ahlatdadır. Ahlatda da DATÜB-ün təmsilçiliyi var. Yəni Ziyəddin bəyin düşüncəsi odur ki, Axısxa Türkləri hansı bölgədə – istər Türkiyədə, istər Azərbaycanda, yaxud dünyanın başqa bölgələrində yaşayır-yaşasın, həmin yerlərdə onların problemlərinin həll edilməsi, dövlət və dövlətlə olan bağlantıların həyata keçirilməsi, xəstələrin dəstəklənməsi, həcc ziyarətinə getmək istəyən Axısxa Türklərinə yardım edilməsi, gənclərin, yeniyetmələrin bir çox sahələrdə dəstəklənməsi DATÜB-ün əsas prioritet məqsədlərindən biridir.

– Hazırda Ukrayna ilə bağlı proses davam etdirilir? Ukraynada hələ də Axısxa Türkləri yaşayırmı?

– Bəli, yaşayırlar.

– Ukraynadakı Axısxa Türkləri yalnız Donbasda yaşayırlar, yoxsa daha sakit bölgələrdə yaşayanlar da var? 

– Müharibə vaxtında Donbas bölgəsində yaşayanlar var idi. Müharibədən əziyyət çəkən insanların bir qismi köçürüldü, hansı ki, müharibədən daha çox təsirlənmişdilər. Amma, təbii ki, problemsiz bölgələrdə olan insanlar hal-hazırda yaşayırlar və qeyri-rəsmi məlumatlara görə 8 min civarındadırlar.

– Bəs Ukraynadan və ya hər hansı bölgədən Türkiyəyə köçürülənlərə vətəndaşlıq verilib, yoxsa köçürüldükləri ölkənin vətəndaşlığında qalırlar?

-Bilirsiniz, vətəndaşlığın verilməsi Türkiyədə qanunlar çərçivəsində həll olunur. Belə deyim ki, planlı köçlə Türkiyəyə köçürülən axısxalılar tamamilə dövlətin nəzarətindədir. Onların Türkiyəyə aparılmasından tutmuş evlərində hər şeylə təmin olunmasına kimi. Məsələn, Ukraynadan Ərzincana köç etdirilən Axısxa Türklərini özəl təyyarə reysləri ilə gətirildilər, evləri dövlət tərəfindən təmin edildi. Onların evinin içində bütün əşyalar – iynədən ipə qədər dövlət tərəfindən verildi. Ərzincanın Üzümlü ilçəsində İki mərtəbəli evlərdə yerləşdirildilər. Bu evlər TOKİ tərəfindən inşa edilmişdi. Evin xalçasından, bütün mebelinə, məişət avadanlığına qədər hamısı dövlət tərəfindən verildi. Və onlara 5 il müddətində bütün sosial haqlar – yardımlar verildi. Vətəndaşlıq verildi. İndi Ərzincanda yaşayan Axısxa Türkləri cəmiyyətə inteqrasiya olunurlar. Əlbəttə, Azərbaycandan köçən Axısxa Türklərinin Türkiyə cəmiyyətinə inteqrasiyası asan başa gəlir. Çünki dilimiz, dinimiz birdir. Ukraynadan köç edənlər üçün isə istər-istəməz çətinliklər olur. Çünki Ukraynda ailə içində türkcə danışılsa da, ukrayna dilində təhsil alındığı üçün danışmaqda çətinlilk çəkirdilər. İstər-istəməz bir ölkədən başqa ölkəyə gedəndə təhsil sistemində dəyişikliklər olur. Digər proseslərdə də. Məsələn, ərizələrin yazılmasında çətinliklər olur. Çünki bir xarici ölkədən Türkiyəyə gedirsən. Azərbaycandan Türkiyəyə getmək fərqlidir. Qanunlarda dəyişikliklər olsa da, bunu tənzimləmək olar, amma xarici ölkədən Türkiyəyə gedəndə inteqrasiya prosesi daha çətin olur. Ona görə, Ukraynadan gedənlərin inteqrasiya prosesində də çox böyük işlər görüldü. Türkiyə dövləti bu nöqteyi-nəzərdən Axısxa Türklərinə çox böyük dəstək göstərdi.

“Gürcüstan dövlətinin Axısxa Türklərinin geri dönüşü ilə bağlı qanununda, əslində, “Axısxa Türkləri” ifadəsi yer almırdı…”

– Mövlud bəy, qeyd etdiniz ki, DATÜB dünyanın 9 ölkəsində yaşayan Axısxa Türklərinin problemləri ilə yaxından məşğul olur. Bunlar aydındır. Bəs Axısxa Türklərinin öz ana vətənlərinə qayıtması ilə bağlı ortada hər hansı fəaliyyət varmı?

– Dediyim kimi, DATÜB-ün üç ana hədəfi var. Bu hədəflərdən elə birincisi Axısxa Türklərinin ana vətənlərinə – Gürcüstanın Axısxa bölgəsinə qayıtmasıdır. 2007-ci ildə Gürcüstan dövlətinin Axısxa Türklərinin geri dönüşü ilə bağlı qanununda, əslində, “Axısxa Türkləri” ifadəsi yer almırdı. Geri dönüşlə bağlı qanun, “20-ci əsrin 40-cı illərində Gürcüstandan deportasiya olunmuş şəxslərin geri dönüşü ilə bağlı qanun layihəsi” adlanırdı. Köç etdirilmiş o toplum içində olduğumuz üçün, hər nə qədər bizm adımız o qanun layihəsində çəkilməsə də, biz o qanunu qəbul etdik. Əslində, onun şərtləri çox ağır idi. Bir çox ərizələrin toplanması, ərizələrin gürcü-ingilis dilinə tərcümə olunması, yaşayış yerindən arayış, sağlamlıq haqda arayış, xəstəliyin neçə-neçə növü haqda arayışlar… Əslində, Gürcüstan dövləti bir növ deyirdi ki, bu ərizələri toplaya bilməsinlər, müraciət edə bilməsinlər. Sadəcə olaraq, biz yenə də bu çətinliklərə baxmayaraq, ərizələri topladıq və Gürcüstana geri dönüş üçün müraciət etdik. 5842 ərizə toplandı, Gürcüstanın Azərbaycandakı səfirliyinə müraciət edildi. Bu müraciətlər nəticəsində 2012-2013-2014-2015-ci illər ərzində mərhələli şəkildə geri dönmək istəyən Axısxa Türklərinə geri dönüş icazəsi-repatriant statusu icazəsi verildi. Bu statuslar veriləndən sonra Axısxa Türkləri geri dönmək üçün niyyətlərini ortaya qoydular. Hətta repatriant statusu alan şəxslər içindən 494-500 civarında Axısxa Türkünə də şərtli vətəndaşlıq verildi. Vətndaşlıqda da nə şərt nəzərdə tutulurdu… Deyilirdi ki, Gürcüstan dövlətinə qayıtmaq istəyən Axısxa Türkləri vətəndaşı olduqları ölkənin vətəndaşlığından imtina etməlidirlər. Yəni vətəndaşlıqdan çıxsınlar, gəlsinlər, çünki Gürcüstan dövləti ikili vətəndaşlıq qəbul etmir. Ona görə də, məsələn, Azərbaycandan Gürcüstana qayıtmaq istəyən Axısxa Türklərinə deyilirdi ki, siz vətəndaşlıqdan çıxın, sonra gəlin, dövlətə müraciət edin. Amma Axısxa Türkləri buna inana bilməzdi. Çünki illər boyu sürgündə yaşamış, əziyyətlər çəkmiş bir toplumdur. Fikiləşirdi ki, birdən geri dönüş alınmaz və vətəndaşlıq verilməz.

“Gürcüstana dönən 43 ailənin hər birinə Ziyəddin Kassanovun dəstəyi ilə vəsait ayrıldı, onlara Axısxada, Qoridə evlər alındı”

– Həmin şərtlər çərçivəsində dönən olmadı? 

– Geri dönüş niyyətində olan şəxslərlə birgə DATÜB-ün başqanı Ziyəddin bəy toplantı keçirdi. O toplantıda deyildi ki, kim vətənə köçmək istəyirsə, biz DATÜB olaraq onlara dəstək olaq. Geri dönmək istəyən kimlər varsa DATÜB olaraq ilkin mərhələdə 10 min dollar dəyərində maddi yardım edək, onlar da Gürcüstanda bunun üstünü düzəldib evlər alsınlar.

– Ailə başına, yoxsa adam başına?

– Ailə başına. Nəticədə geri dönmək istəyən 43 ailə müraciət etdi və 43 ailənin hər birinə Ziyəddin Kassanovun dəstəyi ilə 10 min dollar dəyərində vəsait ayrıldı, Axısxada, Qoridə evlərin alınması həyata keçirildi. Onların arasında Tiflisdə də ev almaq istəyənlər oldu. Hal-hazırda bu kömək nəticəsində ev alan şəxslər Gürcüstanda yaşamaqdadır.

“Gürcüstanda təhsil alan gənclərimizin vətəndaşlıqları, hətta müvəqqəti yaşama icazələri olmadığından, attestat ala və universitetə girə bilmirlər”

– Gürcüstan hökuməti necə, onlara kömək göstərdi? 

– Bunu özəlliklə vurğulamaq istəyirəm ki, Gürcüstan dövləti qanun qəbul etsə də, hər hansı hərəkət planı qəbul etmədi. Mən magistr işində də Axısxa Türklərinin geri dönüşü ilə bağlı yazmışdım. Xüsusulə də Gürcüstanın Axısxa bölgəsində yaşayan Türklərin məsələsinə toxunmuşdum ki, qanun olsa da hərəkət planı yoxdur. Bu köçün necə həyata keçiriləcəyi ilə bağlı hər hansı qrafik, fəaliyyət göstərilməyib. Bununla da Gürcüstan dövləti özlərinin qəbul etdikləri qanuna ciddi yanaşmadıqlarını ortaya qoydular.

Mənə elə gəlir ki, bu qanunu Gürcüstan dövləti Avropa Şurasının təzyiqləri nəticəsində qəbul etmişdi, çünki Gürcüstanın Avropa Şurasına üzvlüyü məsələsində geri dönüşü hələ də həyata keçirilməyən bir toplumun – Axısxa Türklərinin olduğu, onların geriyə dönüşü ilə bağlı addım atılması gərəkdiyi, onunla bağlı qanun qəbul edilməsinin vacibliyi deyilirdi. Gürcülər də belə bir qanun qəbul etdilər, amma heç bir hərəkət planı yox idi deyə köç həyata keçirilmədi.

DATÜB-ün dəstəklərini mən qeyd etdim, amma Gürcüstan hökumətinin heç bir dəstəyi yoxdur. O insanların sosial problemləri var, məsələn xəstəxanaya gedən zaman axısxalıların heç bir sosial, yaxud sığorta haqqı yoxdur. Çünki vətəndaşlığı yoxdur. Nə də o insanların orada yaşamaq icazəsi yoxdur. Çünki dediyim kimi, vətəndaşlıqdan çıxmaq şərti qoyulduğuna görə repatriant statusu alan ailələr də Azərbaycan vətəndaşlığından imtina etmədilər. Dolayısı ilə Gürcüstan vətəndaşlığına da müraciət edə bilmədilər. Vətəndaşlıq ala bilmədikləri üçün sosial haqları da yoxdur. Gənclərimiz bizim gələcəyimizdir. Biz onları yaxşı yetişdirməliyik. Amma onlar Gürcüstanda təhsil ala bilmirlər. Orta məktbədə gürcü dilində oxuyurlar, gürcü dilində çox yaxşı öyrənirlər. Amma attestat ala bilmirlər. Vətəndaşlıqları olmadıqları üçün onlara attestat verilmir. Oturum icazələri də yoxdur. Müvəqqəti yaşama icazələri də yoxdur. Ona görə, attestat ala bilmir və universitetə girə bilmirlər. Hər hansı xəstəxanada müalicə ala bilmirlər. Özəl xəstəxanaya gedib pullu xidmət alırlar, o da qiymətlər yüksək olduğu üçün altından qalxa bilmirlər.

– DATÜB bu problemlərin həllini necə görür? Bu əngəllərin qaldırılması yolu nədir? 

(Ardı var)