Diaspor

Avstraliyadakı Azərbaycan icması erməni lobbisinin qanunsuz hərəkətlərinə etiraz edib

Avstraliyadakı Azərbaycan icması erməni lobbisinin qanunsuz hərəkətlərinə etiraz edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması ölkənin xarici işlər naziri Penni Vonqa müraciət edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oytanın imzası ilə nazirə ünvanlanan məktubda erməni diasporunun Yeni Cənubi Uels (NSW) parlamentinə qeyri-qanuni təsirindən bəhs edilib.

“İcmamız parlamentdə təmsil olunan Liberal Partiyasının Avstraliyanın federal hökumətini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini (vaxtilə erməni separatçılarının qeyri-qanuni şəkildə işğal etdikləri ərazilərdən söhbət gedir) tanımağa çağırışından məyus olub və bu hərəkəti sərt şəkildə qınayır. Beynəlxalq hüquq normalarına zidd olan bu təklif Liberal Partiyasının Benneloq şöbəsinin üzvü və Rayd şəhərinin müşaviri Trenton Braun tərəfindən 6 avqust 2022-ci il tarixində irəli sürülüb”, – deyə vurğulyan AAA rəhbəri nəzərə çatdırıb ki, məhz Rayd şəhərində mütəmadi olaraq Avstraliyanın mövqeyinə və milli maraqlarına zidd hərəkətlər edən erməni diasporunun ən böyük hissəsi yaşayır.

Məktub müəllifi xatırladıb ki, Qarabağ məsələsində Avstraliyanın və dünya birliyinin mövqeyi milli dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq hüquq normalarına əsaslanır. Erməni diasporunun lobbiçiləri isə siyasətə qeyri-qanuni təsir göstərmək məqsədilə Qarabağ münaqişəsi barədə öz şəxsi maraqlarına sərf edən məlumatları təqdim etməklə məşğuldurlar. Bununla da beynəlxalq hüquqa məhəl qoymaması və dinc azərbaycanlıların fundamental insan hüquqlarını (Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərində dinc yaşayış məntəqələrinin və mülki infrastrukturların Ermənistan silahlı qüvvələri tərəfindən bombalanması, qadınların, qocaların və uşaqların öldürülməsi buna misaldır) kobudcasına pozması prosesində təcavüzkar Ermənistana yardım göstərirlər.

Ermənistan tərəfini dünyada hansı qüvvələrin dəstəklədiyinə diqqəti cəlb edən AAA rəhbəri vurğulayıb ki, hüquqi və faktoloji tarixi məlumatları izləmək və onlara əməl etmək Avstraliyanın milli maraqlarına uyğundur. “Avstraliya Azərbaycanlıları Assosiasiyası hesab edir ki, yerli siyasətçilər yalnız Avstraliya xalqının maraqlarına xidmət etməlidirlər. Anlamaq lazımdır ki, regiona sülh lazımdır. Odur ki, bu münaqişə şişirdilməməli, əksinə, sona çatdırılmalıdır. Beynəlxalq münaqişənin dinc, multikultural və çoxmillətli ölkəmizə gətirilməsi Avstraliyanın marağında deyil. Avstraliyalı siyasətçilər bu məsələdə ölkənin ən yaxşı mənafeləri üçün hərəkət etməyə borcludurlar, çünki Avstraliya bərabərliyi, ədaləti, dəqiqliyi, dürüstlüyü qiymətləndirir və qanunun aliliyini qoruyur”, – deyə məktub müəllifi əlavə edib.

Qeyd edək ki, bu müraciət ölkədəki Liberal, Leyborist və Yaşil partiyaların federal və yerli liderlərinə də göndərilib.