Azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən diaspor təşkilatları son aylar ölkədə davam edən dəhşətli meşə yanğınlarının qarşısının alınması istiqamətində yerli əhali ilə həmrəylik nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin həmin ölkədəki bürosuna Avstraliya Azərbaycanlıları Assosiasiyası və Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasından daxil olan məlumatlarda bildirilir.
Qeyd edilir ki, hər iki diaspor təşkilatımızın rəhbərliyi federal hökumətin Baş Nazirinə və fəaliyyət göstərdikləri ştatda yerli hökumət strukturlarına ünvanladıqları məktublarda dəhşətli meşə yanğınlarının törətdiyi fəsadlarla mübarizədə dövlət strukturlarına dəstək ifadə olunub.
Yanğınlar nəticəsində 12 milyon hektar ərazinin, 1000-dən çox evin külə dönməsi, 500 milyona yaxın canlının məhv olması və 20-yə yaxın sakinin ölməsi bütün avstraliyalılar kimi, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvlərini də kədərləndirir. İcma üzvlərinin bu yanğınlara qarşı mübarizədə qəhrəmanlıq göstərən insanların – yanğınsöndürmə xidmətinin və polis əməkdaşlarının, könüllülərin əməyini yüksək qiymətləndirdikləri vurğulanır. Həlak olanların və xəsarət alanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir və bütün dualarının bu fəlakətin tezliklə başa çatmasına yönəldiyi qeyd edilir.
Xüsusi vurğulanır ki, Avstraliyada yaşayan Azərbaycan icmasının üzvləri bu çətin günlərdə yerli əhali ilə həmrəydir və təbii fəlakətin qarşısının alınması üçün hər cür yardım göstərməyə hazırdırlar.
Qeyd edilir ki, bu cür fəlakətlərin qarşısı tək-tək insanların deyil, bütün xalqın birliyi ilə alına bilər və Azərbaycan icması gücü çata biləcək istənilən problemin həlli üçün tam dəstək göstərmək niyyətindədir.
Viktoriya Azərbaycan Mədəniyyət Assosiasiyasının nümayəndəsi Ofeliya Hirt bildirib ki, xəsarət alan insanlara yardım göstərilməsi üçün təsis edilmiş xüsusi fonda təşkilatın dəstəyi ilə vəsaitlər köçürülüb. Eyni zamanda, müxtəlif yardım əşyalarının, qida məhsullarının toplanaraq təxliyə məntəqələrində yerləşən şəxslərə qısa zaman ərzində çatdırılması planlaşdırılıb.
Azərbaycanın Avstraliyadakı səfirliyi sosial şəbəkələrdə yerli əhali ilə birliyini və ona dəstəyini ifadə edən məlumatlar yayıb.
Eyni zamanda, müvəqqəti işlər vəkili Elcan Həbibzadə AZƏRTAC-ın bu ölkədəki bürosuna bildirib ki, təbii fəlakət nəticəsində Avstraliyada yaşayan həmyerlilərimizə bu günədək heç bir maddi və ya fiziki ziyan dəyməyib. Həmyerlilərimizin yanğınların davam etdiyi ərazilərdən, əsasən qismən uzaq məsafədə yaşadığını qeyd edən E.Həbibzadə buna baxmayaraq, ehtiyac yaranacağı təqdirdə, səfirliyin onlara yardım göstərməyə hazır olduğunu da bildirib.