Avropa İttifaqı (Aİ) Böyük Britaniya – İsveç şirkəti və Oksford Universiteti tərəfindən hazırlanmış və ABŞ-da istehsal olunan “Astra Zeneca” koronavirus dərmanından idxal etmək niyyətindədir.
Avropada istehsal müəssisələrinin kifayət etməməsi üzündən sözügedən dərmanın ABŞ-dan gətirilməsi ilə bağlı bu ölkənin hökumətinə müraciət etmək nəzərdə tutulur. Belə ki, Avropa Komissiyası koronavirus pandemiyasına qarşı birgə tədbirlərə dair ABŞ ilə aparılacaq danışıqlar zamanı bu məsələni qaldırmağa hazırlaşır. Həmçinin adıçəkilən dərmanın Avropada istehsalı üçün başlıca inqriediyentlərin tədarükünə dair zəmanət istəniləcək.
Belə bir addımın səbəbi Aİ ölkələrində istehsalatla bağlı problemlər üzündən dərmanın tədarükündəki fasilələrdir. Belə ki, ilkin olaraq 2021-ci ilin birinci rübündə Aİ-yə “Astra Zneeca” dərmanından azı 100 milyon doza tədarük nəzərdə tutulsa da, indi şirkət mart ayının sonunadək cəmi 40 milyon doza tədarük etmək niyyətindədir.
Ötən ilin dekabr ayında ABŞ-ın sabiq prezidenti Donald Tramp koronavirus dərmanlarını yalnız ölkə vətəndaşlarının bütövlükdə təmin olunduqdan sonra ixracına yol veriləcəyinə dair fərman imzalayıb.
BÜNYAMİN ÇİNGİZOĞLU
Diasporpress.az