Avropa çempionumuz Azərbaycan birinciliyinin qalibi ola bilməyib

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. 

Avropa çempionumuz Azərbaycan birinciliyinin qalibi ola bilməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.

DiasporPress.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin, idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb.

Altı gün davam edən turnirdə səkkiz çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Daha çox millinin ikinci nömrə boksçularının qatıldığı çempionata bəzi əsas yığma üzvləri də qatılıb.

Həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmətov (-52 kq), Ümid Rüstəmov (-57 kq), Cavid Çələbiyev (-63 kq), Sərxan Əliyev (-69 kq), Amin Kuşkov (-75 kq), Cəbrayıl Yelekov (-81 kq), Rauf Rəhimov (-91 kq) və Asəf Aslanlı (+91 kq) çempion tituluna sahib olub.

2013-cü ilin dünya çempionu Cavid Çələbiyev birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmətov ən gənc boksçu adına sahib olub.

Turnirin komanda hesabında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (2-5-3) birinci yeri tutub. İkinci pilləyə “Sədərək” İK (2-1-3) yiyələndiyi halda, “üçlüy”ü “Qəbələ” İK (1-1-0) qapayıb. Çempionatda Anar Nağdıyev ən yaxşı hakim seçilib.

Ən maraqlı məqam isə odur ki, 52 kq-da Avropa çempionumuz, həmçinin qitənin bürünc mükafatçısı Salman Əlizadə qızıl medal qazana bilməyib. Gənclər arasında dünya çempionumuz ötən ay hərbçilər arasında keçirilmiş Dünya Oyunlarında olduğu kimi yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.

Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev isə 57 kq çəki dərəcəsinin finalında Ümid Rüstəmova uduzmaqla gümüş medala qane olub.

 

DiasporPress.az