Avropada Azərbaycan diasporu Qarabağla bağlı Vətən müharibəsində Azərbaycanın qələbəsini səbirsizliklə gözləyir və artıq növbəti addıma – Haaqa Tribunalına müraciətə hazırlaşır.
Bu barədə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov bildirib.
O, Ermənistan tərəfinin bəşəriyyətə qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi, Azərbaycanın dinc şəhərlərinin Ermənistan ərazisindən operativ-taktiki raketlərlə atəşə tutulması və s. barədə faktlar toplandığını qeyd edib.
Müsahibin sözlərinə görə, təmsilçilik üçün artıq Niderlanddan olan vəkillərlə razılıq əldə olunub.
“Müraciət qanuni olaraq təsdiqlənməli olduğundan son məsləhətləşmələr aparılır”, – deyə o vurğulayıb.
O, həmçinin Azərbaycan Baş Prokurorluğunun Ermənistan tərəfinin bütün cinayətlərini qeydə aldığını və faktlarla bağlı cinayət işi qaldırdığını vurğulayıb.
“Ermənistandan bütün hərbi cinayətkarların mühakiməsinə nail olmayınca müharibədəki qələbəmiz qəti olmayacaq”, – deyə Sahil Qasımov sözlərini yekunlaşdırıb.
Diasporpress.az