Avropa Azərbaycanlıları Konqresinin Prezidenti: “Bəzi ölkələrdə səfirliklərimizlə diaspor təşkilatları arasında soyuqluq var” – MÜSAHİBƏ

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun APA-ya müsahibəsi

Avropa Azərbaycanlıları Konqresinin Prezidenti: “Bəzi ölkələrdə səfirliklərimizlə diaspor təşkilatları arasında soyuqluq var” – MÜSAHİBƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun APA-ya müsahibəsi

– Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis olunmasından 15 il keçir. AAK-ın 15 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

– Avropa Azərbaycanlıları Konqresi 2004-ci ildə Berlin şəhərində təsis olunub. Əvvəllər AAK tərkibində 50-yə yaxın diaspor təşkilat vardısa, hazırda bu təşkilatların sayı 100-ü keçir. AAK hazırda Şərqi və Qərbi Avropanın, eləcə də qitənin bir çox ölkəsinin, o cümlədən, İsrail, Türkiyə, Ukrayna, Gürcüstan və Moldovanın diaspor təşkilatlarını öz ətrafında birləşdirir. Qurumun Bas Mənzil Qərargahı 2017-ci ildən Avropanın siyasi paytaxtı Brüsseldə fəaliyyət göstərir və bu, Avropanın siyasi institutları ilə daha yaxından işləməyə imkan verir. Avropa Azərbaycanlıları Konqresi 15 il ərzində mühüm yol keçib, təkmilləşib və siyasi təcrübə qazanaraq fəaliyyətini daha da genişləndirib, Azərbaycanın Avropada səsi olaraq güclü bir təşkilata çevrilib.

– AAK-ın fəaliyyətdə olduğu ölkənin dövlət və özəl təşkilatları ilə əlaqələri hansı səviyyədədir?

– AAK Avropanın müxtəlif ölkələrindəki dövlət strukturları, beynəlxalq və ictimai təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərir. AAK yeni tərkibdə 2017-ci ildən başlayaraq Finlandiya Parlamentində, Ukrayna Ali Radasında, ATƏT-in Varşava ofisində, Moldavanın dövlət nümayəndələri ilə, İspaniyanın Kataloniya Muxtariyyətində hökumət üzvləri, Brüsseldə Avropa Parlamenti və bir sıra digər rəsmilərlə görüş keçirib, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı aktı barədə geniş məlumat verib, müzakirələr aparıb.

– Fəaliyyətinizdə daha çox hansı çətinliklərlə qarşılaşırsınız?

– Fəaliyyət əsnasında müxtəlif çətinliklər və problemlərlə rastlaşırıq. Problemlərin müxtəlif səbəbləri olur. Bu, həm fəaliyyət göstərdiyimiz Avropa ölkələrindəki siyasi və ictimai vəziyyətdən, həm bu ölkələrdə məskunlaşmış icmalarımızdan qaynaqlana bilər. Necə dəyərlər, nə qədər ölkə mövcuddursa, gündəlik həyatımızda və fəaliyyətimizdə o qədər də çətinlik baş verir. Lakin AAK-ın bu çətinlikləri aradan qaldırmağa gücü yetir və bu çətinlikləri həll etmək iqtidarındadır.

– Azərbaycanın xaricdəki digər diaspor təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir? Birgə layihələriniz varmı?

– Avropa Azərbaycanlıları Konqresi, sadəcə, Avropa qitəsində deyil, qitədən kənarda olan ölkələrdə baş verən proseslərlə də yaxından maraqlanır və bir çox halda bu məsələlərə müdaxilə edir. AAK-ın Amerika, Asiya və Avstraliyadakı Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələri mövcuddur. Biz bu təşkilatlarla müxtəlif Forum və qurultaylarda bir araya gəlir, daima əlaqə saxlayır, xüsusən Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif nüansları müzakirə edirik. Məsələn, bir müddət əvvəl erməni rejissor H. Avanesyanın “Hərb və Sülh dövrünün insanları” filmini biz Avropada həm film festivalından, həm də nominasiyadan çıxarmağa nail olduq. Sonradan bu filmin Amerika festivalından da çıxarılması üçün Amerikadakı Azərbaycan diasporunun rəhbərləri ilə əlaqə yaradıldı və bu filmin Amerikada göstərilməsinə və mükafat qazanmasına yol verilmədi. Belə hallar tez-tez baş verir…

– Bəzi hallarda istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında narazılıqlar yaşanır. Avropadakı diaspor təşkilatlarımız da bu cəhətdən istisna deyil. Sizcə, bu narazılıqların kökündə nə dayanır? Azərbaycan diaspor təşkilatları niyə vahid cəbhədə birləşə bilmir? Narazılıqların aradan qaldırılması üçün hansı təklifləriniz var?

– Bu gün azərbaycanlıları birləşdirə biləcək faktor ortaya qoyulmalıdır. Məsələn, erməni diasporunu “böyük Ermənistan” xülyası birləşdirir. Bu gün xaricdə yaşayan azərbaycanlıları isə Milli liderimiz Heydər Əliyevin də dediyi kimi bir amal birləşdirməlidir – Azərbaycançılıq ideyası… Soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələri daha da möhkəmlənməlidir. Türkiyədə olduğu kimi, xaricdə yaşayan soydaşlarımıza Azərbaycan vətəndaşlığının verilməsi məsələsi gündəmə gəlməlidir. Biz bir millət olaraq iddialı millətik və bütün anlaşılmazlıqlar da bundan irəli gəlir. Düşünürəm ki, narazılıqlar, sadəcə, diaspor təşkilatlarında deyil, digər sahələrdə də mövcuddur və hətta daha da böyükdür. Amma nədənsə hər kəs xaricdəki icmalar arasında birliyin olmamasından bəhs edir. Diasporda müsbət və qarşılıqlı anlaşma halları da az deyil.

– Avropada azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirakı o qədər də nəzərəçarpacaq səviyyədə deyil. Niyə bələdir?

– Tam razıyam. Bu hal Şərqi Avropada qənaətbəxş hesab edilə bilər, amma Qərbi Avropada yox. Məsələn, bizim Latviya Parlamentində həmyerlimiz var. Estoniyada nazir, səhər meri, sonradan Parlament üzvü olan Eldar Əfəndiyev AAK-ın vitse-prezidentidir. Müxtəlif siyasi partiyalarda çoxlu azərbaycanlı var. Ukrayna Prezidenti yanında Milli Azlıqlar Assambleyasının prezidenti Rövşən Tağıyev də AAK-ın vitse-prezidentidir. Amma Qərbi Avropada bu sahədə bizim hələ çox iş görməyimiz lazımdır. Qərbi Avropada azərbaycanlı miqrantlar yerli bələdiyyə orqanlarında, siyasi partiyalarda fəaliyyət göstərirlər, amma bu, uzun prosesdir və müəyyən vaxt tələb edir.

– Avropada azərbaycanlılarla bağlı hansı aktual problemlər mövcuddur?

– Avropada mövcud olan problemlər hər kəs üçün, o cümlədən azərbaycanlılar üçün də keçərlidir. Qiymətlərin bahalaşması, işsizlik, digər millətlərə qarşı dözümsüzlük, dini ayrı-seçkilik hər kəsin üzləşdiyi problemlərdir.

– Erməni lobbisinə qarsı mübarizəyə də toxunmaq istərdik. Bu mübarizənin gücləndirilməsi üçün hansı addımların atılması vacibdir?

– Avropadakı və dünyadakı erməni lobbisi sistematik işləyir, əllərində müəyyən resurslar, Fondlar, banklar mövcuddur. Erməni lobbisi sakit və hiyləgərcəsinə fəaliyyət göstərir, hücum taktikası yürüdür. Azərbaycan diasporu isə müdafiə mövqeyindədir, ermənilərin hücumunu dəf etməklə məşğuldur. Biz çox danışıb, az iş görürük. Əldə etdiyimiz nailiyyətləri şişirdib effektini azaldırıq, sistematik işləmirik. Məsələn, 2017-ci ildə AAK və Diaspor Komitəsi, Nizami Gəncəvi Mərkəzi Brüsseldə Separatizmə qarşı beynəlxalq konfrans keçirdi. Konfransa Ukraynadan, Moldovadan, Gürcüstandan, Azərbaycandan siyasətçilər və diplomatlar dəvət olundu, yekun sənəd qəbul edildi. Antiseparatizm Mərkəzinin təsis edilməsi üçün təşəbbüs qrupu yaradıldı. Düşünürük ki, nəhayət, böyük bir iş gördük. Amma 2 il keçməsinə baxmayaraq, bu ideya ortada qaldı. AAK məsələni nə qədər gündəmə gətirsə də, ikinci tədbirin keçirilməsi mümkün olmadı. Dünyadakı və Avropadakı erməni lobbisinə qarşı hər gün, hər saat mübarizə aparılmalıdır, bu məsələ özfəaliyyət səviyyəsinə endirilməməlidir. Erməni lobbisinə qarşı mücadilə, sadəcə, diaspor təşkilatları səviyyəsində olmamalıdır. Bu mübarizə hər kəs tərəfindən aparılmalı, lobbiçilik siyasəti genişləndirilməlidir.

– Avropa ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər edilir. Həm deputatlar, həm siyasətçilər, həm də digər şəxslər Azərbaycanın etirazlarına və sanksiya tədbirlərinə (XİN həmin şəxslərin adını “qara siyahı”ya salır və s.) baxmayaraq, Dağlıq Qarabağa səfər edirlər. Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması, erməni işğalının tanıdılması və bu səfərlərin qarşısının alınması istiqamətində AAK olaraq konkret hansı addımlar atırsınız?

– Düşünürəm ki, bu məsələdə, sadəcə, diaspor təşkilatları deyil, daxildə və xaricdə bütün Azərbaycan durmadan çalışmalıdır. Qarabağın tanıdılması istiqamətində erməni lobbisi məqsədyönlü fəaliyyət göstərir. Sadəcə, “qara siyahı” və ya bəyanatların effekti görünməyəcək. Azərbaycan dövləti və Azərbaycan diasporu Avropada bu işin əksini görməlidir, Qarabağ haqqında filmlər çəkilməli, müxtəlif dillərdə çoxlu sayda kitab yazılmalıdır. Bu kitabların və filmlərin hər ay müxtəlif ölkələrdə təqdimatı keçirilməlidir. Avropalılardan ibarət “Azərbaycanın dostları” adlı təşkilatlar yaradılmalıdır. Biz təbliğatda uduzuruq. Xocalıya aid, Qarabağ müharibəsinə aid, tanınmış kino ulduzlarının iştirakı ilə möhtəşəm filmlər çəkilməlidir. Biz bu gün xaricdəki diaspor təşkilatlarının bir mərkəzdən idarə olunmasına belə nail ola bilməmişik. 17 ildir, təşkilatlanmış və fəaliyyətdə olan diaspor təşkilatları nədənsə yenidən qurulmağa başlayır. Bəs, bizim diaspor tariximiz, diaspor strategiyamız harda qaldı? Biz bu gün fəxr edirik ki, ilk diaspor təşkilatımız ötən əsrin 50-ci illərində Amerikada qurulub. Bu, bizim tariximizdir. Yenidən qurulan diaspor təşkilatları ilə yanaşı, müvafiq qurumlar illərlə fəaliyyət göstərən təşkilatlara hörmət və ehtiramla yanaşmalı, onların gücündən və siyasi əlaqələrindən məharətlə istifadə etməlidirlər. O zaman Azərbaycan diasporu daha effektiv güc nümayiş etdirə bilər.

– Avropada yaşayan bəzi azərbaycanlı mühacirlər tərəfindən Azərbaycan əleyhinə çağırışlar edilir, müxtəlif aksiyalar keçirilir. Belə çağırışların, ümumilikdə Azərbaycan əleyhinə fəaliyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görürsünüz?

– Avropa Azərbaycanlıları Konqresi Avropada yeganə qurumdur ki, Azərbaycandan olan radikal siyasi mühacirlərə qarşı siyasi mübarizə aparır, bəyanatlar verir, icmalarla təbliğat işləri aparır, bəzi ölkələrin hüquq-mühafizə orqanları ilə birlikdə radikal qüvvələrin fəaliyyətinə qarşı hüquq və qanun çərçivəsində məsləhətləşmələr aparır. Radikal mühacir qüvvələr, əfsuslar olsun ki, sadəcə, Avropada deyil, digər bölgələrdə də aktivləşməkdədir. Yerlərdə diaspor təşkilatları gücləndirilməlidir. Avropanın bütün ölkələrində, böyük şəhərlərində “Azərbaycan Evləri” açılmalı və bu evlər bəlli kütlə üçün deyil, bütün soydaşlarımızın üzünə açıq olmalıdır. Səfirliklərimiz və diaspor icmaları əlaqəli fəaliyyət göstərməlidir. Bəzi ölkələrdə səfirliklərimizlə diaspor təşkilatları arasında soyuqluq var. AAK Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyi ilə birlikdə fəaliyyət göstərir, işbirliyini daim genişləndirir, məsləhətləşmələr aparır, bu da bizim Avropada fəaliyyətimizi xeyli effektiv edir. Düşünürəm ki, Avropanın digər ölkələrində də bu işbirliyi olmalıdır.

– Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dəyişdi. Dövlət Komitəsinin işində də bir dəyişiklik baş verdimi? Ümumilikdə, Komitənin fəaliyyətini necə qiymətləndirirsiniz?

– Diaspor Komitəsinin rəhbərliyində dəyişiklik baş versə də, təəssüf ki, dünyadakı diaspor təşkilatlarının fəaliyyəti sanki donmuş vəziyyətdədir. Beynəlxalq tədbirlər, o cümlədən, konfranslar, forumlar, toplantılar keçirilmir. Təcrübəli və yerlərdə geniş siyasi əlaqələri olan təşkilatlar proseslərə cəlb olunmur və sonda xaricdəki diasporumuzda soyuqluq, inciklik yaranır. Nəticədə Diaspor Komitəsi tərəfindən dəstək görməyən təşkilatlar get-gedə zəifləyir, ideoloji rəqiblə və əzəli düşmənlərimizlə mübarizədə kənarda qalır və ya uduzur. Diaspor Komitəsinin yeni rəhbərliyi dünyada mövcud olan, dövlətçiliyimizə xidmət edən, öz tarixini Vətənini sevən bütün diaspor təşkilatlarını qucaqlamalı, diasporu “yeni” və “əvvəlki” kateqoriyalara bölməməlidir. O zaman Azərbaycan diasporunun gücü görünəcək.