Ötən əsrin 80-ci illərin əvvəllərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büronun üzvlüyünə namizəd seçiləndə Rusiyada hərbi xidmətdə idim. Hərbi hissədə Siyasi Büro üzvlərinin asılmış portretlərində nizamsızlıq görəndə, Heydər Əliyevin portretinin subardinasiyaya uyğun asılmadığını görəndə hərbi hissənin siyasi işlərlə bağlı yetkilisinə etiraz etmişdim”.
İnterpress.az xəbər verir ki, bu sözləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən qeyd edib.
Yazını olduğu kimi təqdim edirik:
Bir gənc əsgər üçün bunun sovetlər kimi söz azadlığının məhdud olduğu bir ölkədə deyilməsi çox çətin olsa da, içimdəki Azərbaycançılıq duyğusu, Heydər Əliyevin siyasi rəhbərlər arasından boylanan qətiyyətli və əsalətli duruşu məni daha da ürəkləndirmişdi. Bu etirazıma görə yüngül cəza alsam da, hərbi hissənin siyasi rəhbərliyi Heydər Əliyevin portretini subardinasiyaya uyğun yuxarıda öz yerinə dəyişdirmişdi.
Bu hadisə mənimlə bərabər hərbi hissədə olan azərbaycanlıları, eləcə də Orta Asiyasdan olan türx xalqlarının nümayəndələrini də qürurlandırmış, içərimizdə olan milli duyğuları daha da qabartmışdır.
Bir Türk millətçisi olmağım, milli özünü dərk hissinin formalaşmasında bu hadisənin əlbəttə ki təsiri böyük olmuşdu. Çünki Heydər Əliyevin 1969-cu ildən Azərbaycana rəhbərliyi ilə bu hiss və duyğular şüuraltında formalaşmağa başlamışdı və biz uşaq da olsaq bu milli oyanışın təsirləri altındaydıq. Heydər Əliyevin sovetlər birliyi kimi nəhəng bir məkanda hər bir inzibati məkanda asılmış portretləri hər bir azərbaycanlı, hər bir müsəlman üçün sözün əsl mənasında bir arxa, dayaq sayıla bilərdi… Sayırdıq da…
***
Bu gün də Ulu Öndər Heydər Əliyevin adı gələndə onu ölkə həyatının bütün sahələrində quruculuğun, inkişafın və islahatların əsas banisi olaraq xatırlayırıq; iqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının inkişafı, milli ordu quruculuğu, davamlı və balanslaşdırılmış xarici siyasət, elm, təhsil, mədəniyyət, incəsənət sahələri, hüquqi və demokratik dövlət quruculuğu anlayışları, diaspora siyasəti, türk və müsəlman dövlətlərilə sistemli şəkildə əlaqələrin inkişaf etdirilməsi, milli mətbuatın və vətəndaş cəmiyyətinin qurulması, ən vacibi isə dövlət idarəçiliyində milli kadrların yetişdirilməsi və onların dövlət qulluğuna cəlb edilməsi…
Bildiyimiz kimi, XX əsrin əvvələrində sovetlər birliyinin yaranması ilə Azərbaycanın 1918-ci ildə qurulan və iki ilə yaxın bir dövr ərzində əldə etdiyi müstəqilliyinə də son qoyuldu.
Bu işğal siyasəti yalnız torpaqlarımızı deyil, Azərbaycanın zəngin ziyalı potensialına, milli-mənəvi dəyərlərinə, adət-ənələrinə, dilinə və dininə qarşı da repressiyalara başladı.
Respublikamıza qarşı sovetlər birliyinin apardığı bu sistemli repressiyalar nəticəsində ölkədə ziyalı təbəqəsi və bütün milli kadrlar sıradan çıxarıldı, əvəzində isə ölkəmizi uzun illər ərzində qeyri-millətlərin təmsilçiləri idarə etdilər. Lakin bu siyasət 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsilə bir qədər səngidi, Heydər Əliyevin milli kadrlara üstünlük verməsi ilə sistemin idarəçiliyində bir canlanma əmələ gəldi.
Təbii ki, ilkin olaraq milli kadrların hazırlanması üçün orta məktəblərdən tutmuş ali məktəblərədək bütün təhsil ocaqlarında ardıcıl və məqsədyönlü dövlət siyasətinin aparılması və millətin intellektual səviyyəsinin yüksəldilməsi bir şərt kimi önə çıxırdı. Heydər Əliyev də məhz bunu etdi və onun 1970-82-ci illərdə Azərbaycanda rəhbər olduğu müddətdə ali məktəblərdə müxtəlif istiqamətlər üzrə yeni ixtisaslar yaradıldı və beləliklə, respublikamızın milli kadr potensialında müsbət dəyişikliklərin əsası qoyuldu.
Ən əsası isə o idi ki, bu kadrların böyük əksəriyyəti ölkənin gələcəkdə təhlükəzizliyinin təmin olunmasında və ordu quruculuğunda iştirak edən milli kadrlar idi.
Ulu Öndər Heydər Əliyev 1973-cü ildə böyük səy və çətinliklərlə də olsa a Azərbaycanda hərbi məktəbin yaradılmasına da nail olmuşdur ki, bu da milli hərbi kadrların hazırlanmasında ilkin baza rolunu oynamış, bu məktəbdə hazırlanan hərbi kadrlar bu gün Azərbaycanda müstəqil ordu quruculuğunda böyük rol oynamışlar.
Bunula yanaşı Heydər Əliyev milli kadrların daha yüksək təhsil almasını və bütün sahələrdə kadr potensialını təmin etmək üçün ümumittifaq respublikalarının ayrı-ayrı bölgələrində təhsil almaq üçün azərbaycanlıların yararlanmasını təmin etmişdir.
Məhz Heydər Əliyevin 1970-1982-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş sovetlər birliyinin 50-dən çox böyük şəhərində nüfuzlu ali məktəblərdə respublikamız üçün xüsusi ehtiyac duyulan ixtisaslar üzrə minlərlə azərbaycanlı gənc yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtmış, böyük bir hissəsi isə oxuduqları şəhərlərdə qalıb yüksək nüfuza sahib olmuşlar ki, həmin insanların çoxu hal-hazırda yaşadıqları ölkələrdə Azərbaycan diasporunun əsas hissəsini təşkil etməkdədirlər.
Heydər Əliyevin 1969-1982-ci illərdə sovetlər birliyi dönəmində apardığı bu kadr siyasəti gələcəkdə müstəqil Azərbaycanın yaranmasında kadr potensialını tamamlamış oldu və 1993-cü ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini itirmək təhlükəsilə üzləşdikdə çevik siyasəti və qeyri-adi iradəsilə respublikanı bir yumruq kimi bir yerə toparlaya bildi və müstəqilliyimizin təməlini birdəfəlik həll etmiş oldu.
1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan Respublikası öz müstəqilliyini yalnız 1993-cü ildə tam şəkildə bərqərar etmiş oldu. Çünki, həmin dövrə qədər yalnız sözdə müstəqilliyini əldə etmiş Azərbaycan daxildə ictimai-siyasi sabitliyin olmaması, ayrı-ayrı separatçı qüvvələr tərəfindən az qala parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda ikinci dəfə çiçəklənmə dövrü başladı.
Məhz həmin dövrdən başlayaraq, insanların Konstitusiya ilə təsbit olunmuş təməl hüquqları bərpa olundu, xalq öz lideri olan Heydər Əliyevi insan hüquq və azadlıqlarının qarantı olaraq gördü. Xalqın bu inamı idi ki, Ulu Öndərin bir sözü ilə bir gecədə milyonlarla Azərbaycan vətəndaşı onun müdafiəsinə qalxırdı və onu hər zaman özü üçün şəriksiz lider olaraq görürdü.
Çünki Heydər Əliyev xalqla münasibətdə hər zaman səmimi davranırdı və parçalanmaq üzrə olan, separatçılığın gücləndiyi bir vaxtda Azərbaycan xalqını azərbaycançılıq idelogiyası ilə vahid bir orqanizm halına gətirə bildi. Bu həm də, xalqımızın bu gün və gələcəkdə var olması üçün yeganə ideologiyadır. Məhz həmin ideologiyadır ki, bu gün də xalqımız xarici təsirlərə qarşı bir yumruq kimi birləşib, öz dövlətinə, onun rəhbərinə qarşı vahid bir cəbhə kimi fəaliyyət göstərir.
1993-cü ildə ölkədə sabitliyi təmin edən Ulu Öndər sonrakı dövrdə Azərbaycanı müəllifi olduğu uğurlu neft strategiyası və “Əsrin müqaviləsi” ilə inkişaf etdirməyə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla bir tərəfdən Azərbaycanın gələcək inkişafının təməlini atırdısa, digər tərəfdən bununla türk birliyinin gələcək konsepsiyasını hazırlamış olurdu.
Məhz Ulu Öndərin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində qardaş Türkiyənin maraqlarını qətiyyətlə dəstəkləməklə Türk birliyinin yalnız milli kök, ortaq tarix deyil, həm də strateji tərəfdaş olaraq bir-birinə kilidləmiş oldu.
Ulu Öndər Türk birliyinin həyata keçməsi istiqamətində keçirilən zirvə toplantılarına həmişə böyük önəm vermişdir.
Çünki regionda gedən mürəkkəb geosiyasi proseslər fonunda öz müstəqilliyini əldə saxlamaq və inkişaf etmək üçün bu birliyin qurulması hər bir türk dövləti üçün olduqca vacib məsələdir. Odur ki, Heydər Əliyev keçirilən bütün zirvə toplantılarında türk dünyasını səfərbər etməyə çalışırdı, bu birliyi vahid bir orqanizm kimi görürdü.
Eyni zamanda Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllındə, eləcədə Dağlıq Qarabağ probleminin həllində türk dünyasının imkanlarından istifadə etməyi, türk dünyasının qüvvələrini birləşdirməyi zəruri sayırdı. Ulu Öndər siyasi hakimiyyəti dönəmində Qaza xıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi qardaş dövlətlərlə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusilə maraqlı idi, bunu xarici siyasətdə əsas istiqamətlərdən biri kimi görürdü.
Və Orta Asiya respublikalarına səfərləri zamanı keçirdiyi hər bir görüşdə türkdilli dövlətlərin birlik və bərabərliyinin vacibliyini vurğulayırdı.
Ulu Öndərin Türkdilli dövlətlərlə bağlı qoyduğu bu siyasət öz bəhrəsini verməkdədir. Bu xəttin davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyevin xarici siyasətdə türkdilli dövlətlərlə apardığı siyasət və bu siyasətdən doğan Türk dövlətlərinin vahid tarazlaşdırılmış enerji diplomatiyası, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi bir vasitə rolunu oynayır.
Çünki enerji təhlükəsizliyi və enerjinin Avropaya nəqli coğrafi ərazi baxımından türk dövlətləri birliyinin təməlini qoymaqla bölgədə bu dövlətlərin siyasi qüdrətinin, iqtisadi inkişafının artmasına da təkan verir. Heydər Əliyevin hazırladığı neft strategiyası indi türk dövlətlərinin vahid iqtisadi məkan formalaşdırmasında əsas təməldir.
TANAP kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir, onları regionda söz sahibi olan ölkələrə çevirir. Eləcə də daha böyük mənada əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, artıq təkcə Azərbaycanla Türkiyəni deyil, həmçinin Türkiyəni Orta Asiya, Qazaxıstanla dəmiryolu vasitəsilə birləşdirir ki, bu da türkdilli dövlətlərin birgə əməkdaşlığının gözəl və perspektivli nümunələrindəndir.
Bütün bunlarla yanaşı müasir dövrümüzdə TürkPA, Türk Akademisi, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması, daha sonra Türk Dövlətləri Təşkilatının yaranması və bu kimi digər addımlar türk birliyini əks etdirir.
Tarixi İpək Yolunun bərpası, Avropa Birliyi tərəfındən ciddi dəstək alan TRASEKA layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi layihələri respublikamızın Orta Asiyanın türkdilli xalqları üçün geosiyasi önəmini daha da artırır.
Ulu Öndər Heydər Əliyevin xarici siyasətdə müəyyən etdiyi bu siyasi xəttin davam etdirilməsi Azərbaycanın regionda təhlükəsiz və davamlı inkişafına hesablanmış alternativi olmayan bir yoldur.
Bu il Ulu Öndə Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ölümündən 20 il ötməsinə baxmayaraq, onun müəyyən etdiyi xarici siyasi kurs davam etməklə həm də öz bəhrəsini verməkdədir. Arzuladığı və görmək istədiyi azad Qarabağ da işğaldan azad edilib.
Vəsiyyəti olan Şuşa da oğlu İlha Əliyevin Ali baş Komandanlığı altında öz azadlığına qovuşub.
Heydər Əliyev isə bu günləri görməsə də, bu günlərin təməlini atan və xalqımızı bu günlərə daşıyan böyük lideridir!
Əbədi olaraq da elə qalacaqdır!
İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri