Ölkə

AQTA Prezidentin ictimai nəzarətlə bağlı tapşırığına qarşı dirəniş göstərir-İTTİHAM

AQTA Prezidentin ictimai nəzarətlə bağlı tapşırığına qarşı dirəniş göstərir-İTTİHAMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı bir neçə aydır aparılan prosesə AQTA-nın rüsvayçı və qanunları kobud pozması hallarının müşaiyəti ilə yekun vurulub. Məlumat üçün bildiririk ki, AQTA İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər ictimai qurumlar üçün 31 avqust 2020-ci ildə sənəd qəbulu elan etmişdi. Biz də qida təhlükəsizliyi və sağlam qidalanma sahəsində fərdi qaydada 2012-ci ildən, Qida Təhlükəsizliyi Hərəkatı olaraq 2016-cı ildən fəaliyyət göstərdiyimizi nəzərə alaraq Cənab Prezident İlham Əliyevin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı çağırışlarına uyğun olaraq İctimai Şura üzvlüyünə namizədliyimizi irəli sürdük. Lakin ilk mərhələdən AQTA-da qarşılaşdıqlarımız bu qurumun İctimai Şuranın formalaşdırılması ilə bağlı qeyri-sağlam niyyətini açıq büruzə vermiş oldu. Namizdəliyimizi irəli sürdüyümüz zaman AQTA-nın İctimai Şura ilə bağlı Komissiyasından bizim namizədliklərimizi qeydə almamaq üçün əsassız iddialar irəli sürüldü. Bu iddialara cavab olaraq biz “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”dən çıxış edərək namizədliyimizin qeydiyyata alınmaması üçün irəli sürülən iddiaların əsassız olduğunu sübut etdik və namizədliyimizin qeydiyyata alınmasına nail olduq. Ancaq qanun pozuntusu halı və maneələr bununla bitmədi. Namizədliyimiz qeydiyyata alındıqdan sonra AQTA heç bir formada (nə e-poçt, nə də mobil telefon vasitə ilə) İctimai Şuraya seçkilərin keçiriləcəyi tarixlə bağlı bizə məlumat vermədi. Eyni zamanda AQTA namizəd olaraq platformamızı təqdim etmək üçün bizə heç bir şərait yaratmadı və yekunda seçkidə iştiraka dəvət etmədi. Seçkilərin keçirilməsi barədə isə proses başa çatdıqdan sonra digər bir neçə namizəd vasitəsi ilə məlumat əldə edə bildik. Əgər ictimai nəzarətin ən mühüm alətlərindən olan İctimai Şuralar AQTA üçün heç bir əhəmiyyət kəsb etmirdisə bu qurum belə rüsvayçı hərəkətlərdəndisə açıq formada və ya Prezident Adminstrasiyasına məlumat verməklə İŞ-nın formalaşdırılmasından imtina edə bilərdi. İndiki vəziyyət isə Cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı dəfələrlə söylədiyi fikirlərə zidd olaraq kobud pozuntu hallarının müşayiəti ilə İŞ formalaşdırılmasını dövlətin ali siyasi iradəsinə və uğurla həyata keçirilən islahatlar kursuna qarşı açıq tabesizlik nümayişi hesab oluna bilər.

Qeyd etdiyimiz pozuntuları rəhbər tutaraq AQTA yanında yaradılacaq İctimai Şuranın formalaşdırılması üçün keçirilən seçkiləri qeyri-legitim hesab etdiyimizi bildirir və yeni seçkilərin keçirilməsini tələb edirik. İctimai Şuraların formalaşdırılması ilə bağlı normativ aktlara zidd olaraq AQTA-nın özünəməxsus formada “seçki” keçirməsi bir daha sübut edir ki, AQTA rəhbərliyi sadəcə İŞ adı altında növbəti təyinatı orqan yaradıb.

Nəzərinizə çatdıraq ki, AQTA-nın yaranmasından da öncə biz neçə illərdir fəaliyyətimizi qida təhlükəsizliyi, sağlam qidalanma ilə bağlı maarifləndirmə işlərininin təşkili istiqamətində qurmuşuq. Kütləvi informasiya vasitələrində, o cümlədən də televiziya və saytlarda mütəmadi olaraq bu istiqamətdə çıxışlar edirik. Qida təhlükəsizliyinin təmin olunması ilə bağlı çoxsaylı layihələrin rəhbəri, eksperti və tədbirlərin təşkilatçısı qismində fəaliyyətimiz ictimaiyyətin gözü önündədir. Bununla bağlı müvafiq qurumlara geniş hesabat təqdim etməyə də hazırıq. Xüsusi ilə son illərdə qida mütəxəssislərinin iştirakı ilə kiçik və orta sahibkarlar üçün qida zəncirinə dair çoxsaylı maarifləndirmə və ictimai monitorinq tədbirləri həyata keçirmişik. “Sağlam Qidalanma” mövzusunda Azərbaycanın əksər bölgələrində onlarla maarifləndirmə tədbirləri təşkil etmişik.

İlk dəfə yüzlərlə könüllünü, qida istehlakçısı və qida mütəxəssislərini bir araya gətirən “Sağlam Qida” Könüllüsü proqramı hazırlamışıq. Bu proqram çərçivəsində “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunu, Şamaxı Forumunu, Qarabağ və Gəncə Forumunu həyata keçirmişik. Məlumat üçün bildiririk ki, bu Forumlarda Azərbaycan və Türkiyənin peşəkar qida mütəxəssislərini bir araya gətirmişik. Sosial şəbəkələrdə “Qida Təhlükəsizliyi Hərəkatı” adlı minlərlə izləyicisi olan maarifləndirici səhifəmiz fəaliyyət göstərir. Hər gün səhifə vasitəsilə bizə xeyli sayda şikayət daxil olur ki, onları aidiyyəti üzrə yönləndiririk, həmçinin sualları cavablandırırıq.

Görülən bu qədər işin qarşılığında bizim – iki sahə mütəxəssisi və QHT rəhbərinin İctimai Şuradan müxtəlif yollarla kənarlaşdırılması AQTA yanında fəaliyyət göstərəcək İctimai Şuranın obyektiv və şəffaf fəaliyyətini indidən sual altına alır. AQTA-nın rəhbəri cənab Qoşqar Təhməzliyə müraciət edərək bildiririk ki, İctimai Şura müvafiq mərkəzi icra hakimiyyəti qurumunun PRnı təşkil edən təsisat deyil. İctimai Şura vətəndaş cəmiyyəti institutu olmaqla dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirən, müvafiq sahədəki nöqsanların aşkarlanması və onların həlli üçün zəruri ictimai dəstəyi təmin edən mühüm demokratik təsisatdır. Heç bir qurumun Cənab Prezidentin ölkədəki islahatlar kursuna qarşı bu cür tamamilə zidd addımlar atmağa və qanunvericiliyi pozmağa haqqı yoxdur. Onsuz da Azərbaycan cəmiyyəti müzəffər Ali Baş Komandanının, öz sevimli Prezidentinin arxasındadır. Gec ya tez bu iradəyə qarşı çıxanlar məğlub olacaqlar.

Hörmətlə,

Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçiləri

Məhsəti Hüseynova (Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru),

Asim Vəliyev (Gənclərə Qayğı İctimai Birliyinin sədr müavini)