Ölkə

Ankarada “15 İyul və Media” paneli: “Türkiyə xaricdə də FETÖ ilə mübarizəni genişləndirməlidir” – Aqil Ələsgər / FOTOLAR

Ankarada “15 İyul və Media” paneli: “Türkiyə xaricdə də FETÖ ilə mübarizəni genişləndirməlidir” – Aqil Ələsgər / FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anadolu Yayımçılar Dərnəyi (AYD) və Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş “15 İyul və Media” paneli keçirilib. Panel o cümlədən 50 telekanalda canlı yayınlanıb.

Ulucanlar Həbsxana Muzeyində təşkil olunan və 15 iyulda milli, o cümlədən Anadolu mediasının fəaliyyətinin müzakirə olunduğu paneldə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun məktubu təqdim olunub. “Akşam” qəzetinin Ankara nümayəndəsi Emin Pazarcı, “Kanal 7″-nin Ankara təmsilçisi Mehmet Acet, “Kanal D”nin Ankara nümayəndəsi Zafer Şahin, “Akit” qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı kimi tanınmış media mənsublarının iştirak etdiyi panelə məruzəçilərdən biri olaraq Azərbaycandan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər qatılıb.

Fəxrəddin Altunun Türkiyənin 50 telekanalı vasitəsilə canlı yayımlanan panelə göndərdiyi məktubda 2016-cı il iyulun 15-də FETÖ tərəfindən çevriliş obrazında həyata keçirilməsinə baş vurulan işğal cəhdinə qarşı Prezident Rəcəb Tayyib Ərdoğanın öncüllüyündə Türkiyə dövləti və millətinin tam səfərbər olunaraq misilsiz mübarizə nümunəsi göstərdiyi qeyd edilib. Məktubun davamında o gecə cəsarətlə bəzənmiş inanılmaz qəhrəmanlıqla xəyanətin qarşısının alındığı vurğulanıb:

“Vətənimizə və müstəqilliyimizə sahib çıxmaqdan heç bir halda geri çəkilməyəcəyimizi dosta və düşmənə göstərdik. Hörmətli prezidentimizin vurğuladığı kimi, iyulun 15-ni unutmayacaq və unutturmayacağıq, 15 iyulun ruhunu hər zaman canlı saxlayacağıq”.

Altun 15 iyul çevriliş cəhdinin əsas hədəflərindən birinin sözsüz ki, media olduğunu və çevrilişə qalxanların media orqanlarını ələ keçirməyə çalışdıqlarını, əvvəlki çevrilişlərdə olduğu kimi, bu dəfə də mətbuat vasitəsilə ictimai rəyi yönləndirə biləcəkləri xülyasına qapıldıqlarını bildirib.

O, təhlükəsizlik qüvvələri ilə yanaşı, milli və yerli media orqanları əməkdaşlarının çevrilişçilərə qarşı dayandıqlarının və o gecə demokratik yönümlü yayım fəaliyyəti göstərmələrinin xainlərin planlarını alt-üst etdiyini diqqətə çatdırıb:

“İyulun 15-də Türkiyə mediasının əvvəlki çevrilişlərdən fərqli olaraq, milli iradənin yanında yer almaları, əlbəttə, hörmətli Prezidentin başçılığı altında ölkəmizin yaşadığı inkişafın media sahəsində də əks olunması özünəməxsus nəticədir. Mediada demokratik mühitdə yaşanacaq fikir və siyasi mövqe müxtəlifliyinin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət daşıdığına iyulun 15-də birlikdə əmin olduq.

15 iyul çevriliş cəhdi başda olmaqla, demokratiyaya qəsdin həyata keçirildiyi hər aksiyada milli iradəni yanında yer alan media orqanlarımıza və jurnalistlərimizə təşəkkür etməyi özümə borc bilirəm. Anadolu Yayıncılar Dərnəyini və Anadolu mediasını bu məsələdə sərgilədikləri demokratik mövqe üçün təbrik edirəm. Bu duyğu və düşüncələrlə 15 İyul şəhidlərimiz də daxil olmaqla, Vətən uğrunda can verən bütün şəhidlərimizi rəhmət və minnətlə anır, bütün qazilərimizə sağlamlıq və rifah arzulayıram”.

Paneldə açılış nitqi söyləyən AYD-nin rəhbəri Sinan Burhan ötən çevrilişlər zamanı medianın oynadığı rolu xatırladaraq, xüsusilə milli medianın çevrilişlərə böyük dəstək verdiyini söylədi. 15 İyul gecəsində milli media ilə bərabər, Anadolu mediasının da ən böyük imtahanını verdiyini qeyd etdi:

“Anadolu mediası özünü millətə bağladığı və çevrilişlərə qarşı olduğu üçün çox tez hərəkətə keçdi, xalqı meydanlara səslədi. TÜRKSAT-ın vurulmasına baxmayaraq, media o gecə bütün mümkün imkanlardan yararlanaraq, xalqın çevrilişə qarşı səfərbər edilməsində mühüm rol oynadı. Dolayısı ilə çevriliş cəhdinin uğursuz olmasında milli və Anadolu mediasının çox böyük əməyi oldu”.

Daha sonra söz verilən Altındağ Bələdiyyəsinin sədri Asım Balcı 15 İyulu milli iradənin yenidən hakim olması nöqteyi-nəzərindən çox mühüm qırılma nöqtələrindən biri kimi dəyərləndirdi. Türk millətinin 15 İyulda ayağa qalxdığını və öz iradəsinə sahib çıxdığını vurgulayan Balcı sözünə belə davam etdi:

“İçəridə və kənarda iş birlikçilərinə lazımi dərs verildi. Belə bir millətin fərdi olmaqdan dolayı nə qədər şükür etsək, azdır. Həqiqətən, bundan sonra da bənzər cəhdlər üçün hərəkətə keçmək istəyənlərə də ən böyük dərs verilmiş oldu. Mən buna inanıram”.

Panelin moderatoru Emin Pazarcı çıxışında 1980-ci ildə Kenan Evrenein rəhbərliyi ilə gerçəkləşən hərbi çevrilişdən FETÖ-nün çevriliş cəhdinə qədər yaşanan prosesləri təhlil etdi. O, bu cəhdlərin lokal miqyasda FETÖ-nün işi olduğunu vurğulayaraq, həmin olayları ABŞ-nin, CIA-nın Türkiyəyə qarşı yönələn fəaliyyəti kimi qiymətləndirdi.

Məruzəçi Zafer Şahin çıxışında əsasən, FETÖ şəbəkəsinin ötən onilliklər ərzində Türkiyədə təşklatlanmasının və dövlət qurumlarına sızmasının xronologiyasından ətraflı bəhs etdi. O, dövlətin içinə sızmış gülənçilərin FETÖ-yə qarşı mübarizəyə hansı vasitələrlə və necə mane

olduqları haqda geniş danışdı.

Digər məruzəçi Mehmet Acet isə FETÖ-nün təşkilatlanmsında və dövlətə baş qaldırmasında ABŞ-nin və onun xüsusi xidmətinin roluna toxundu. Acet bildirib ki, gülənçilərin bütün fəaliyyətləri ABŞ-dən idarə olunub və 15 iyul çevriliş cəhdinin də arxasında istisnasız olaraq həmin ölkə dayanır. Məruzəçi FETÖ-yə qarşı mübarizədə şəbəkənin xarici dəstək kanallarının kəsilməsinin zəruriliyini vurğulayıb.

Hacı Yakışıklı isə öz çıxışında FETÖ-nün ayaqda qalan təmsilçilərinin öz hamilərinin dəstəyi ilə əvvəlki təsir imkanlarını bərpa etmək, həmçinin, Türkiyə ictimai rəyini yanıltmaq istiqamətində səylərinə ara vermədiklərini deyib. Məruzəçi FETÖ-yə qarşı mübarizədə bütün effektli vasitələrdən istifadə edilməsinin, o cümlədən, bu mübarizənin yüksək səviyyədə koordinasiya edilməsinin zəruriliyini irəli sürüb.

Paneldə məruzə ilə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər diqqəti Türkiyə üçün məlum təhlükələrin hələ də qaldığına yönəltdi. O, bildirdi ki, Türkiyəli FETÖ-çülərə qarşı effektli mübarizə aparılsa da, onların iyirmi beş il ərzində yetişdirdikləri Azərbaycan, Qırğızıstan və başqa ölkələrdəki xarici FETÖ-çülər hələ də öz fəaliyyətlərini davam etdirirlər.

Məruzəçi qeyd etdi ki, Türkiyədə FETÖ-çülərə qarşı birgə əməliyyatlar təşkil edildiyi kimi, adları çəkilən ölkələrdəki gülənçilərə qarşı da analoji əməliyyatların keçirilməsinə son dərəcə böyük ehtiyac var və bu məsələnin dövlətlərarası anlaşmalarla nizamlanması çox zəruridir. Aqil Ələsgər 15 İyul çevriliş gecəsi Anadolu mediasının xain planın baş tutmaması və xalqın səfərbər edilməsi yönündə necə fədakarlıqla çalışdığının şahidi olduğunu dedi.

O, bildirdi ki, Sinan Burhan başda olmaqla, Anadoludan olan bir qrup jurnalistin o gecə, çevriliş cəhdinin nə ilə nəticələnəcəyi bəlli olmadığı, dövlət rəsmilərinin efirə çıxa bilmədikləri şəraitdə canlı yayımlar açaraq xalqa gerçəkləri çatdırmalarının şəxsən şahidi olub.

“Yeni Çağ” Media Qrupunun rəhbəri FETÖ ilə mübarizədə dövlətlər arasında ciddi işbirliyinin qurulmasının vacibliyini önə çəkdi. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində FETÖ-nün öz xislətinə uyğun qaydada Ermənistanın yanında olduğu, gülənçilərin təbliğat maşınının o dönəmdə Azərbaycanla Türkiyənin əleyhinə işlədiyi mütləq nəzərə alınmalıdır. Bütün bunlara son qoymağın tək yolu isə FETÖ-yə qarşı mübarizənin birgə və sistemli şəkildə aparılmasıdır.

Panel digər iştirakçıların çıxışları ilə yekunlaşıb.