Yunanıstan Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdinə cavabdehlik daşıyan FETÖ-nün qaçmış üzvləri üçün sığınacaq olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib.
O, qeyd edib ki, FETÖ-nün Türkiyədən qaçmış üzvləri bu ölkədə sərbəst hərəkət edə bilirlər. “FETÖ-dən başqa PKK/ PYD/YPG və DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi) terror təşkilatları da həmçinin Yunanıstanda fəaliyyət göstərir”, – o deyib.
FETÖ-nün Yunanıstanda terror təbliğatının aparılması mövzusunu şərh edən Aksoy bildirib ki, belə təbliğat onlayn tədbirdə və telekanallardan birinin efirində yayılıb.
“FETÖ rəhbərinin videomüraciəti ilə elan edilmiş bu terror təbliğatı təhlükəli haldır, hansı ki, mətbuat azadlığı və söz azadlığı ilə heç cür izah edilə bilməz”, – o vurğulayıb.
Diplomatın sözlərinə görə, FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş, 251 insanın həlak olması, 2 000-dən çox insanın yaralanmasına cavabdeh olan beynəlxalq terror təşkilatıdır. Aksoy xəbərdarlıq edib ki, qruplaşma ərazisində fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhlükəlidir və Türkiyə bu terror təşkilatına qarşı mübarizədə əməkdaşlığa bel bağlayır.
“Biz Yunanıstanı FETÖ üzvlərinin ekstradisiyası və hesablarının dondurulması, FETÖ tərəfindən təbliğat, maliyyə əməliyyatlarının, işə götürülmənin qarşısını almaq və terror təşkilatlarının fəaliyyətinə son qoymaq sorğularımızı təmin etməyə çağırırıq”, – Aksoy deyib.
Qeyd edək ki, Gülən hərəkatının (FETÖ) üzvü olan hərbi qulluqçulardan ibarət qrup 2016-cı il iyulun 15-dən 16-a keçən gecə ölkədə hakimiyyəti silahlı yolla ələ keçirməyə cəhd edib.