Ölkə

Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşdü

Anar Kərimov İsrailin Azərbaycandakı səfiri ilə görüşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.

 

Diasporpress.az xəbər verir ki, səfiri salamlayan Anar Kərimov Azərbaycanla İsrail arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etməsinin iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb. Bu günlərdə Azərbaycanın tarixi qələbəsi ilə başa çatan Vətən müharibəsindən söz açan nazirin birinci müavini Ermənistan ordusunun yaşayış məntəqələrimizə, dinc əhaliyə qarşı hücumları barədə danışıb. Gəncəyə raket zərbəsindən sonra səfir Corc Dikin oraya gedərək bu insanlıq əleyhinə cinayəti öz gözləri görməsini təqdirlə qeyd edən Anar Kərimov göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

 

Ölkəmizin dünyada mədəniyyətlərarası dialoqa töhfəsindən bəhs edən Anar Kərimov Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsünün beynəlxalq platformaya çevrildiyini diqqətə çatdırıb.

 

Vurğulanıb ki, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayırlar. Ölkəmizdəki yəhudi icması da cəmiyyətimizin tərkib hissəsidir. Yəhudi icması Azərbaycan xalqı ilə tarixən mehriban şəraitdə yaşayıb, bu gün də ölkəmizin inkişafına öz töhfəsini verir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəman Albert Aqarunovla xalqlarımız qürur duyur.

 

Səfir Corc Dik səmimi qəbula görə təşəkkürünü bildirərək iki xalqın əsrlərə dayanan dostluq münasibətlərinin bu gün Azərbaycan və İsrail arasında sıx əməkdaşlığa zəmin yaratdığını vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif sahələrdə inkişafını qeyd edən diplomat respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirib, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu deyib.

 

Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığa nəzər salınıb, müxtəlif sahələr üzrə mübadilənin genişləndirilməsi, müvafiq fəaliyyət planlarının hazırlanması müzakirə olunub. Mədəniyyət sahəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən səfir bildirib ki, caz musiqisi, Azərbaycan muğamı və yəhudi musiqisi ilə bağlı birgə layihələr həyata keçirilə bilər.

 

Söhbət zamanı yaradıcı sənayelər sahəsində əməkdaşlığın qurulmasının vacibliyi də qeyd edilib.

 

Diasporpress.az