Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib.
Onlayn keçirilən toplantıda AAKŞ İH üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Amerika–Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Qarabağ Atları Xilası Birliyinin rəhbəri Samir Novruzov, Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin rəhbəri Nərgiz Əliyarlı çıxış ediblər.
Toplantıda İH-nə daxil olan layihələrin müzakirəsi aparılıb və təşkilati məsələyə baxılıb. İH üzvləri Koordinasiya Şurasının yeni yaradılacaq saytı, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illlik yubileyinə həsr olunmuş tədbirin keçirilməsi barədə təkliflərini səsləndiriblər. İşğal illərində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində minalar basdırmasına, minalarla bağlı xəritəni verməkdən imtina etməsinə və 24 aprel qondarma erməni soyqırımına dair həqiqətlərin ABŞ-dakı vətəndaş cəmiyyətinin gündəminə gətirilməsi barədə fikir mübadiləsi aparılıb.
Toplantı Milli Musiqi və Qlobal Mədəniyyət Mərkəzinin rəhbəri Nərgiz Əliyarlının AAKŞ üzvlüyünə qəbul edilməsi ilə yekunlaşıb. İH üzvləri tanınmış pianoçunun ABŞ-da Azərbaycan musiqisinin tanıdılması və təbliğ olunması, eləcə də diaspor sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndiriblər. Onun rəhbərlik etdiyi mərkəzin görkəmli Azərbaycan bəstəkarlarının irslərinin təbliğ olunması məqsədilə müxtəlif layihələr həyata keçirdiyi, Azərbaycan–Amerika Musiqi Fondu ilə birgə ABŞ-da ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsini təşkil etdiyi nəzərə çatdırılıb.
DİASPORPRESS.AZ