Xəbər verdiyimiz kimi, Azərbaycan diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri təşkil olunub.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında baş tutan səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtının baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediliblər.
Səfərdə iştirak edən Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Şuşa səfəri ilə bağlı təəssüratlarını DiasporPress.az-la bölüşüb.
Beynəlxalq Alyans sədrinin sözlərinə görə o, doğum günü ərəfəsində Şuşada qürur dolu anlar yaşayıb.
“Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya səfərə dəvət edilməm mənə sözün əsil mənasında doğum günü hədiyyəsi oldu.
Mən Şuşada 35 il öncə olmuşdum. Bu səfərdə cənnət Şuşamızı tanımadım. Çox kədərləndim. Tarixi şəhərimiz dağıdılıb. Lakin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada böyük quruculuq işləri gedir. Şəhərin siması özünə qaytarılır. Orada çox gözəl hisslər yaşadım. Yol boyu dağıdılmış ərazilərə baxdıqca, insan çox pis olur. Amma bu günə də şükür, biz yenidən öz torpaqlarımıza qayıdırıq. Şuşanın Havası, torpağı, yaşıllığı, bir sözlə, hər bir məqamı möhtəşəm idi. Şuşada yaşadıqlarımızı sözlə ifadə edə bilmirəm. Torpağın hər qarışında şəhid qanı, şəhid nəfəsi olduğunu düşündükcə qürurlanmamağ mümkün deyil. Bir daha doğum günüm ərəfəsində mənə bu gözəl hədiyyəni yəni Şuşa səfərinə dəvət etdiyi üçün Diasporla İş Üzrə Dövlət Komitəsinə və şəxsən komitə sədri Fuad Muradova təşəkkür edirəm.”