Dekabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə fəaliyyətinə həsr edilmiş Kollegiya iclası keçirilib.
Onlayn formatda keçirilən iclasda cari il ərzində həyata keçirilən tədbirlər və görülən işlər barədə məruzələr dinlənilib. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Komitə nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri, eyni zamanda İctimai Şuranın üzvləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2020-ci ilin çətinliklərlə dolu, ziddiyyətli və bir o qədər də əhəmiyyətli bir il kimi yadda qalacağını qeyd edərək, bu ilin ümumilikdə bir çox məsələlər üzrə əlamətdar olduğunu və əldə edilən nailiyyətlərin növbəti ildə də davam etməsi üçün ciddi bir zəmin yaradıldığını diqqətə çatdırıb.
Xüsusən də bu ilin Vətən müharibəsinin ölkəmizin zəfəri ilə bitməsi baxımından mühüm il kimi qiymətləndirən Komitə sədri bildirb ki, bu dövrdə də mühüm vəzifələr müəyyən edildi, Komitə səlahiyyətləri çərçivəsində təmas xəttinə yaxın yaşayan, müharibədən zərər çəkmiş əhali təbəqəsi, o cümlədən şəhid ailələri ilə yaxından iş apardı: “Komitə nümayəndələri yerlərdə, bölgələrdə oldular, ev-eşiyindən çıxmağa məcbur olmuş soydaşlarımızla görüşdülər, vəziyyəti qiymətləndirərək atılacaq addımları müəyyənləşdirdilər” .
B. Muradova Komitə tərəfindən COVİD-19 pandemiyası ilə bağlı mövcud çətinlikləri aradan qaldırmaq üçün bütün imkanların səfərbər edildiyini və xüsusən də həssas qrupdan olan, zərərçəkən ailələrlə psixososial işin aparıldığını, məhdudiyyətlər şəraitində çoxsaylı maarifləndirmə proqramlarının həyata keçirildiyini, mövcud layihələrin davam etdiyini vurğulayıb. Bu prosesdə həm daxili, həm də xarici tərəfdaşlar ilə birlikdə, beynəlxalq təşkilatlarla birgə işin davam etdirildiyini qeyd edən B.Muradova əlavə edib ki, qadın məşğulluğunun artırılması, həssas təbəqədən olan əhali ilə işin aparılması və digər istiqamətlərdə artıq yeni layihələrə start verilib.
O, görülən işlərlə bağlı ictimaiyyətin məlumatlandırılması məsələsinin vacibliyinə toxunaraq, bildirib ki, Komitə həyata keçirdiyi tədbirlər barədə cəmiyyəti mütəmadi məlumatlandırır, eyni zamanda cəmiyyəti narahat edən bir sıra problemlər, xüsusilə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əksini tapan problemlərlə bağlı məsələlərin nəzarətə götürülməsni təmin etdi. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edən Komitə sədri sığınacaqların, dəstək mərkəzlərinin təcili və təxirəsalınmaz yardımların göstərilməsində yaxından iştirakını vurğulayıb.
Bahar Muradova vətəndaş müraciətlərinin daim Komitənin diqqətində olduğunu bildirirərək, nəzərə çatdırıb ki, Komitəyə daxil olan hər bir ərizə, şikayət, müraciət çox diqqətlə araşdırılmış və onların istiqamətlər üzrə qruplaşdırılması tapşırılmışdır. Komitənin üzərinə düşən hüquqi bazanın təkmilləşdirilməsi işində də irəliləyişlərin olduğunu vurğulayan Komitə sədri bildirib ki, bu il bir neçə vacib sənədlər qəbul edildi. Bu sənədlər bundan sonrakı fəaliyyətimizi daha da konkret və məqsədəuyğun şəkildə formalaşdırmağa və irəliyə aparmağa imkan verəcəkdir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində muxtar respublikada ailə, qadın və uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə onların özünüməşğulluq proqramına cəlb olunması, müvafiq köməkliyin göstərilməsini qeyd edən R.Seyidova muxtar respublikada ailələrə öz təsərrüfatlarını qurmaq və inkişaf etdirmək üçün əlverişli şəraitin olduğunu vurğulayıb. Kiçik və orta sahibkarlara, o cümlədən qadın sahibkarlara güclü dövlət dəstəyinin göstərildiyini vurğulayan Komitə sədri bildirib ki, dövlət qayğısından bəhrələnən Naxçıvan qadınları dövlət quruculuğunda, cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə də xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən R.Seyidova uşaqların hüquqlarının qorunması ilə əlaqədar monitorinqlərin təşkil dildiyini, valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və distant təhsil ilə bağlı görülən işlərin nəticəsidir ki, mindən artıq sağlamlıq imkanları məhdud uşaq öz həmyaşıdları ilə birlikdə muxtar respublikanın məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrində təlim-tərbiyə alır, istedad və bacarıqlarını inkişaf etdirirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı və 2021-ci ilin birinci yarısı üçün İş Planı barədə məlumatları diqqətə çatdıran Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva ailə, qadın və uşaq məsələləri ilə bağlı Komitə tərəfindən görülən işləri qeyd edərək, bütün tədbirlərin COVİD-19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin qaydalarına uyğun olaraq aparıldığını vurğulayıb. O, ailə dəyərlərinin təbliğ edilməsi, uzunömürlü və uğurlu ailə modellərinin cəmiyyətə tanıdılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəsilə aşılanması, ailələrdə yaranan problemlərin həlli, məişət zorakılığının qarşısının alınması, reproduktiv sağlamlıq və digər mövzular istiqamətində icra edilən layihələr haqqında məlumat verib.
Qadın və uşaq siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin edilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində il ərzində təşkil edilən konfrans və təlimləri diqqətə çatdıran C. Rəhmətullayeva “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli Qanununun 20-ci maddəsinə əsasən Komitə tərəfindən Məlumatın hazırlanaraq çap edildiyini və gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıldığını qeyd edib. O, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu ilər üçün Strategiyası” və “Uşaq Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın ölkə başçısının müvafiq Sərəncamları ilə təsdiq edildiyini bildirirək bu sənədlərin uşaq hüquqların təmin edilməsinə vacib töhfələr verəcəyini vurğulayıb. O, eyni zamanda COVİD-19 pandemiyası ilə mübarizə kampaniyası çərçivəsində Komitə və nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM-lər) tərəfindən müxtəlif sahələr üzrə genişmiqyaslı aksiyalar və maarifləndirici tədbirlər haqqında məlumatları da təqdim edib.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qrupların yaradılması barədə məruzə ilə çıxış edərək, müvafiq sərəncamlara əsasən Dövlət Komitəsinin əlaqələndirici orqan kimi çıxış etdiyini qeyd edib. O, prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaq İşçi qrupların Milli Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsini həyata keçirəcəyini diqqətə çatdırıb. Qeyd edilib ki, “Qanunvericiliyin və institusional mexanizmin təkmilləşdirilməsi” və “Məişət zorakılığının qarşısının alınması və zərərçəkmiş şəxslərin müdafiəsi” üzrə işçi qrupların yaradılması işin uğurlu icrasına töhfə verəcək, bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsində vacib rol oynayacaq. S.Qəhrəmanova eyni zamanda, Komitə tabeliyində fəaliyyət göstərən İctimai Şuranın əhəmiyyətini qeyd edərək, yeni tərkibin formalaşması ilə əlaqədar seçkilərin pandemiyadan irəli gələn səbəblərdən növbəti ildə keçiriləcəyini nəzərə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı işçi qrupun yaradılması barədə məruzə ilə çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, Fəaliyyət Planı üzrə ümumilikdə nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi, habelə onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. O qeyd edib ki, əlaqələndirici qurum olaraq Komitə Fəaliyyət Planının monitorinqi və müntəzəm olaraq qiymətləndirilməsini təmin edəcək və “Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi üzrə İşçi Qrup” yaradılacaq.
Daha sonra Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiq edilməsi haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 2018-ci il 09 iyul tarixli, 49-4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə çıxış edərək, “İctimaiyyətlə əlaqələr” sektorunun yaradılması ilə bağlı qərarın qəbul edildiyini diqqətə çatdırıb.
Kollegiya iclası çərçivəsində gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Çıxış edən İctimai Şuranın üzvləri – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini qeyd edərək, bir sıra təkliflərlə çıxış ediblər.
Komitə sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, Komitənin gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.
Diasporpress.az