Ağ Ev Nümayəndələr palatasındakı demokratların ABŞ prezidenti Donald Trampın impiçmenti lehinə səs verəcəyini gözləyir.
Bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Stefani Qrişem “Fox News”a müsahibəsi zamanı bildirib.
“Biz impiçmentin baş verəcəyinə hazırıq. Nensi Pelosi (Nümayəndələr palatasının spikeri) palatadakı demokratların səs verəcəyini aydın bildirib. Deməzdim ki, bu dəqiqdir (impiçment – red.), amma biz bunu gözləyirik”, – deyə Qrişem qeyd edib.
Xatırladaq ki, dünən ABŞ Konqresinin Nümayəndələr palatası Demokratlar partiyası tərəfindən başlanmış Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.
Konqresin aşağı palatası Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib.
Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Onun qəbul olunması üçün 218 nəfərin sadə çoxluğu tələb olunurdu. Gözlənildiyi kimi, bu məsələyə baxılarkən partiya mənsubiyyəti üzrə təfriqə yaranıb: respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər.
DiasporPress.az