AFFA İntizam Komitəsi milli komandamızın və Bakının “Sabah” klubunun futbolçusu Təmkin Xəlilzadəni cəzalandırıb.
DiasporPress.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VIII turunun “Keşlə” ilə səfər matçından (1:1) sonrakı hərəkətləri T.Xəlilzadəyə baha başa gəlib.
Qarşılaşma başa çatdıqdan sonra baş hakim Kamal Umudluya etirazına görə ikinci sarı və bu səbəbdən qırmızı vərəqə alan futbolçu aqressiv davranışı ilə diqqət mərkəzinə düşüb.
Hakimin üstünə hücum çəkən T.Xəlilzadə ona fiziki təsir göstərməyə cəhd edib. Bunu nəzərə alan komitə futbolçuya beş oyunluq cəza verib. Bu cəzanın üç matçlıq hissəsi şərtidir. İki oyunu buraxacaq Təmkinə üç aylıq sınaq müddəti veriləcək.
Yenə təkrar xoşagəlməz hadisə baş verərsə, saxlanılan üç matçlıq cəza yeni qərara əlavə ediləcək.
Futbolçunun hərəkəti “Sabah”ı da ziyana salıb. Klub 4 min manat cərimələnib.
AFFA-nın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə də assosiasiyanın İntizam Komitəsində müzakirə olunub. Belə ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olub.
Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti ağır cəza ilə nəticələnib. “Xəzər Lənkəran” bir ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.
Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu dörd matçlıq cəzalanıb.
DiasporPress.az