Koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən liqalarla bağlı təqdimat hazırlanaraq İcraiyyə Komitəsinin üzvlərinə göndərilib.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təqdimatda liqalar barədə ətraflı məlumat, hazırkı vəziyyət və UEFA-nın üzvü olan digər milli assosiasiyalarda pandemiya amili nəzərə alınaraq qəbul olunmuş qərarların qısa xülasəsi öz əksini tapıb.
Xüsusi karantin rejimi ilə əlaqədar AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi mümkün olmadığı üçün telefon zəngi vasitəsilə liqalarla bağlı təqdimatda qeyd olunmuş məsələlər barədə hər bir üzvün münasibəti öyrənilib.
AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, ilk növbədə, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar Azərbaycan Respuklikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Aparılan geniş müzakirələrdən sonra səs çoxluğu ilə aşağıdakı qərarlar qəbul olunub:
1. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 liqalarında, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarında, “Coca-Cola Məktəbli Kuboku” turnirində, Region Liqasında mövsüm başa çatdırılsın. Final mərhələsi play-off sistemi ilə keçirilən turnirlər istisna olmaqla, digər liqalarda hazırda turnir cədvəlində birinci pillədə olan komandalar qalib elan olunsun.
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı müsbət istiqamətdə dəyişikliklər baş verərsə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, yekunlaşdırılmış liqaların komandaları arasında mini-turnirlərin təşkil olunması nəzərdə tutulsun.
2. Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
3. AFFA-nın Gənclər Liqası (U-19 yaş qrupu) ilə bağlı məsələyə UEFA ilə məsləhətləşmələrin nəticəsi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.
4. Futzal üzrə Yüksək Liqa, Birinci Liqa, İkinci Liqa və Azərbaycan Kuboku ilə bağlı Futzal Federasiyası tərəfindən müvafiq təkliflər hazırlanaraq AFFA-ya təqdim olunsun. AFFA-nın rəyindən sonra müvafiq liqalarla bağlı Futzal Federasiyası tərəfindən qərarlar qəbul edilsin.