Ölkə

Adil Əliyev: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur”

Adil Əliyev: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi.

Bunu XALQ.AZ–a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq. İşğalçı dövlətin ordusu məğlubiyyətə düçardır. Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bundan başqa Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur.

“Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Prezident İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır”, -deyə Sədr müavini vurğulayıb.

O qeyd edib ki, bu gün gənclərimiz böyük həvəslə hərbi xidmətə can atırlar. 2016-cı ilin savaş günlərində minlərlə gəncimiz orduya yazılmağa və düşmənlə döyüşməyə can atırdı. Ermənistan gəncləri isə işğal altındakı torpaqlarımızda zorla qulluq etməmək üçün ölkələrini tərk edirlər. Bunun özü iki ölkənin gəncləri arasındakı fərqi ortaya qoyur.

A.Əliyev deyib: “Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Düşmən dərk edir ki, onların qarşısında 1990-cı illərdə olan özünümüdafiə dəstələri yox, nizami və müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu dayanır”.

DiasporPress.az