Minnesota-Azərbaycan Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Minneapolis şəhərindəki Louri Avenyu (Lowry Avenue) körpüsü Azərbaycan dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
Missisipi çayı üzərində yerləşən körpünün 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə işıqlandırılması mərasimini Minnesota ştatında yaşayan Azərbaycan icmasının üzvləri yaxından izləyiblər.
Bu addımın təşəbbüskarı olan Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis bildirib ki, Azərbaycan bayrağının rənglərinin işıqlandırılması üçün Louri Avenyu körpüsünün seçilməsi təsadüfi olmayıb. Çünki həmin körpü də bir neçə il öncə oktyabr ayında şəhər sakinlərinin istifadəsinə verilib.