ABŞ-ın Florida ştatında yerləşən, yüksək reytinqə malik Nova Cənub-Şərqi Universitetinin (Nova Southeastern University) psixologiya ixtisası üzrə təhsil alan həmyerlimiz Nabat Eminovanın təşəbbüsü ilə Azərbaycan-Amerika Gənclər Təşkilatı təsis edilib. təşkilat Floridanın Tallaxassi şəhərində rəsmi qeydiyyatdan keçib.
Təhsil aldığı universitetdə Azərbaycan həqiqətlərinin təbliği mövzusunda aktiv diaspor fəaliyyəti ilə məşğul olan N.Eminova “Report”a müsahibəsində deyib ki, təşkilatın yaradılmasında məqsəd ABŞ-ın müxtəlif univeristetlərində təhsil alan azərbaycanlı gəncləri bir yerə toplayaraq ölkəmiz adına daha səmərəli fəaliyyət göstərməkdir. ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclərdən ibarət Azərbaycan diasporunun formalaşmasına ehtiyac olduğunu deyən həmyerlimizin sözlərinə görə, təşkilatın əsas fəaliyyət planları arasında mütəşəkkilliyin möhkəmlənməsi, azərbaycanlı tələbələr arasında lobbiçilik fəaliyyətinin güclənməsi və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gəncləri ilə əlaqələrin genişlənməsi də var.
Qurumun gələcək fəaliyyət planlarından danışan N.Eminova layihələrdə amerikalı və azərbaycanlı gənclərin birlikdə işləyəcəyini, hər iki ölkə arasında uğurlu layhələrə imza atacaqlarını deyib: “Bu günə qədər ABŞ-da öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Təhsil aldığım ixtisasda hazırladığım bütün layihələrdə mövzularım Azərbaycanla bağlıdır. ABŞ-da doğulub-böyüsəm də Azərbaycan dilini mükəmməl bilirəm. Ötən müddət ərzində bir neçə ali təhsil ocaqlarında Dağlıq Qarabağ həqiqətlərinin təbliği və eləcə də, ölkəmizin milli bayramları mövzusunda tədbirlər təşkil etmişik. Elə ötən ay Floridada təhsil alan azərbaycanlı tələbələrlə birlikdə Vətən Müharibəsində qazandığımız tarixi qələbədən bəhs edən sərgi açmışdıq. Orada amerikalı gənclərin Azərbaycana olan böyük marağını gördüm və düşündüm ki, gələcəkdə iki ölkənin gənclərinin birgə fəaliyyəti üçün daha ciddi addımlara ehtiyacımız var. Elə bunun nəticəsidir ki, bundan sonra artıq bütün fəaliyyətimizi rəsmi şəkildə həyata keçirəcəyik. Yaxın gələcəkdə Vətən müharibəsindən sonrakı dövrdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesində ABŞ-da olan azərbaycanlı gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması mövzusunda seminarlar təşkil edib, uğurlu layihələrə imza atmağı planlayırıq”.
N.Eminova deyib ki, tələbə və gənclərin iştirakı ilə keçirilən tədbirlərin ABŞ mediasında işıqlandırılması təşkilatın əsas prioritetlərindən biridir.