“İndi bizi iki çətin matç gözləyir. Diqqətimizi bu oyunlara yönəldib qələbə qazanmaq istəyirik”.
DiasporPress.az xəbər verir ki, bunu Uels yığmasının futbolçusu Aaron Remsi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan millilərinə qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib. Uzunmüddətli zədədən sonra ilk dəfə cari tsiklda Uels komandasının toplanışında iştirak edən 28 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşlərin onlar üçün AVRO-2020-yə qatılmaq üçün son şans olduğunu bildirib.
Hazırda İtaliya “Yuventus”unun formasını geyinən Remsi 6 iyun 2009-cu ildə Azərbaycan millisini Bakıda 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2010-nun seçmə oyununu yada salıb: “İndi Azərbaycanla matç ərəfəsində Con Toşakın rəhbərliyi altında olan oyunu yaxşı xatırlayıram”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.
DiasporPress.az