Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı qərəzsiz, neytral və müstəqil bir hərəkatdır. Dünyada humanizm anlayışına yeni bir yön verən bu Hərəkatın banisi Solferino döyüşünün dəhşətlərindən hədsiz dərəcədə təsirlənən İsveçrəli tacir Anri Dünandır (Henry Dunant ). Fransa və Avstriya arasında 1859-cu ildə baş vermiş bu döyüşün şahidi olan Anri Dünan dünyanın diqqətini yardım cəmiyyətlərinin yaradılmasına yönəltmiş, yaralılara yardım və qayğı göstərilməsi üçün beynəlxalq səviyyədə razılıq əldə edilməsinə nail olmuşdur. İsveçrəyə qayıdan Anri Dünan 1862-ci ildə özünün “Solferino Xatirələri” adlı kitabında döyüşün ağır nəticələrindən bəhs etmişdir. Müharibənin amansız reallığını dünyanın diqqətinə çatdırmaq məqsədilə Dünan öz kitabını Avropadakı hakim ailələrə, hərbi liderlərə, siyasətçilərə, xeyriyyəçilərə göndərmişdir. Kitab gözlənilməz uğur əldə etdi.
“Solferino Xatirələri” kitabında Dünan insanlıq naminə xüsusi əhəmiyyət kəsb edən iki böyük ideya vermişdir:
- Hər bir ölkədə müharibə vaxtı yaralılara kömək məqsədilə könüllülərdən ibarət Yardım Cəmiyyətinin yaradılması.
- Yaradılmış Yardım Cəmiyyətinin beynəlxalq müqavilə və sazişlərlə toxunulmazlığının təmin olunması.
Cenevrədə İctimai Rifah Cəmiyyətinin sədri olan hüquqşünas Qustav Muanye də bu kitabla tanış olmuşdur. O, həmçinin, Anri Dünanı Cəmiyyətin beş nəfərdən ibarət olan digər üzvünə kitab haqqında danışmaq üçün görüşə dəvət etmişdi.
1863-cü ilin fevral ayının 17-də ilk komissiya çağırıldı və bu komissiya Yaralılara Yardım üzrə Beynəlxalq Komitə adlandırıldı. Beləliklə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (Komitə) təməli 1863-cü ildə qoyuldu. Anri Dünanın ölkədə könüllülərin cəmiyyətini yaratnmaq ideyası ilk Milli Cəmiyyətlərin yaradılması ilə nəticələndi. İlk Milli Cəmiyyət Belçika Qızıl Xaç Cəmiyyəti oldu.
Bu Komitənin məqsədlərindən biri ordunun tibbi xidmətlərinə, yardım göstərən könüllülərə və silahlı münaqişə qurbanlarına hüquqi müdafiəni təmin edən vahid fərqləndirici nişanın qəbul edilməsi idi. Emblem adlanan bu nişan sadə, uzaq məsafədən asanlıqla tanınan olmalı idi. 1864-cü ilin avqust ayında keçirilmiş diplomatik konfransda emblem kimi İsveçrə bayrağının rənglərinin və nişanının əks təsviri olaraq ağ fonda qızıl xaç nişanı qəbul edildi. Lakin daha sonra 1876-1878-ci illərdə rus-türk müharibəsi zamanı Osmanlı imperiyası emblem kimi özlərinə ağ fonda qızıl aypara nişanını istifadə edəcəyini bəyan etdi. Emblem Hərəkatın üzvlüyünü təsdiq edən simvoldur. Müharibə və münaqişə zamanı bu emblemi daşıyan tibbi personal, tikililər, nəqliyyat vasitələri, onlara aid bütün avadanlıqlar qorunmalı və onlara hörmətlə yanaşılmalıdır. Cenevrə Konvensiyasında və sonradan ona əlavə olunmuş protokollarda nəzərdə tutulmayan hallarda emblemdən istifadə ondan sui-istifadə kimi hesab olunur.
Son zamanlara kimi nə qızıl xaçdan, nə də qızıl ayparadan istifadə etmək istəməyən milli cəmiyyətlər Hərəkatın tam, bərabər hüquqlu üzvü ola bilmirdilər. Bu problem Hərəkata özünün Fundamental prinsiplərindən biri olan universallıq prinsipini reallaşdırmağa mane olurdu. Nəticədə müxtəlif emblemlərin qəbul edilməsinə şərait yaradırdı. Bu problemi həll etmək üçün milli cəmiyyətlər və dövlətlər üçün münasib olan əlavə emblem qəbul olunması fikri irəli sürüldü. Nəticədə, 2005-ci ildə diplomatik konfrans qızıl xaç və qızıl aypara emblemi ilə yanaşı qızıl kristal emblemini fərqləndirici nişan kimi qəbul etdi.
Hərəkat 7 Fundamental Prinsip əsasında fəaliyyət göstərir :
- Humanizm
- Qərəzsizlik
- Neytrallıq
- Müstəqillik
- Könüllü xidmət
- Vahidlik
- Universallıq
Birinci Dünya Müharibəsinin sonunda Avropanın böyük bir hissəsi xaos içində idi. İqtisadiyyat sarsılmış və epidemiyalar yayılmışdı. 1919-cu ildə Fransada keçirilmiş Beynəlxalq Tibbi Konfransda Amerika Qızıl Xaç Cəmiyyətinin prezidenti Anri Davidson belə bir təklif irəli sürmüşdü ki, xəstəliklərin qarşısını almaq məqsədilə bütün ölkələrin Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri bir yerdə fəaliyyət göstərsin. Bunun üçün də yeni bir qurumun yaradılmasına ehtiyac yarandı. 1919-cu ildə Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti İttifaqı yarandı. Daha sonra, 1991-ci ildə isə İttifaqın adı dəyişdirilərək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası adlandırıldı.
Hərəkatın üç tərkib hissəsi var :
- Beynəlxalq Qızıl Xaç Komitəsi;
- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası;
- Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri;
1997-ci ilin noyabr ayında Nümayəndələr Şurasının ümumi razılığına əsasən, Hərəkatın üzvlərinin beynəlxalq fəaliyyətinin təşkilinə dair “Sevilya sazişi” imzalandı. Hərəkatın üzvlərinin beynəlxalq fəaliyyətinin təşkilinə dair müqavilə onların üç əsas məqsədə nail olmaları üçün nəzərdə tutulmuş fəaliyyət strategiyasının əsas elementlərindən ibarətdir :
- Hərəkatın insanların bütün imkanlarından səmərəli istifadə edərək humanitar sahədə insanların hər cür ehtiyaclarını qarşılamaq;
- Humanitar prinsiplərə və beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmaq;
- Bütün üzvlərin maksimum səviyyədə əməkdaşlıq edə biləcəyi güclü bir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı yaratmaq;
Beynəlxalq Qızıl Xaç Komitəsi – Hərəkatın əsasını qoyan təşkilatdır. Müstəqil bir təşkilat kimi beynəlxalq və regional səviyyədə münaqişə yaşanan, düşmən mövqedə duran ölkələr arasında və daxili zorakılığın mövcud olduğu hallarda neytral vasitəçi kimi çıxış edir. Beynəlxalq zorakılığın mövcud olduğu hallarda Komitə Hərəkatın qanunlarında öz əksini tapmış humanitar yardım hüquqlarından istifadə edir. Qızıl Xaç Komitəsi Hərəkatın Fundamental psinsiplərinin keşikçisidir. Rəsmi olaraq dünyanın harasında üzv olmasına baxmayaraq yeni yaranmış Milli Cəmiyyətlərin tanınması ilə məşğuldur.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası – Milli Cəmiyyətlərə dəstək olur, işlərini koordinasiya edir və onların beynəlxalq nümayəndəsi kimi çıxış edir.
Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri – Cenevrə Konvensiyasına üzv olan dövlətlərdə mövcud olan humanitar təşkilatlardır. Bir ölkənin yalnız bir Milli Cəmiyyəti ola bilər.
Hərəkatın qanunları 1928-ci ildə qəbul edilmişdir. Bu qanunlara ilk dəfə 1958-ci ildə, sonra isə 1986-cı ildə Cenevrədə keçirilən beynəlxalq konfransda dəyişikliklər edilmişdir. Qanunlar hər biri ayrı-ayrılıqda müstəqil qurum statusuna malik olan Komitə, Federasiya və Milli Cəmiyyətlərin tərkibini və öhdəliklərini müəyyənləşdirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi 1920-ci il mart ayının 10-da yaradılmışdır. 1995-ci il noyabr ayının 1-dən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınmış, noyabrın 25-də isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir. İnsanlığın gücünü səfərbər etməklə ehtiyaclı insanlara yardım etmək missiyasını əsas tutan AzQAC haqqında müxtəlif vaxtlarda sərəncamlar imzalanmış, qanun və qərarlar qəbul edilmişdir. Ölkədə dövlətə ən yaxın, ən qocaman humanitar təşkilat olan AzQAC öz fəaliyyətini 101 ildir layiqincə davam etdirir.
Qəbul olunmuş beynəlxalq razılaşmaya əsasən, hər il May ayının 8-də Anri Dünanın doğum günü şərəfinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaradılmasının ildönümü günü kimi qeyd edilir. Həmçinin, ölkəmizdə də Hərəkatın yaranma günü qeyd edilir.
1992-ci ildə Azərbaycan Respublikasının qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq AzQAC-ın Rəyasət Heyəti Şuşa geri qaytarılanadək 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı gününü mayın 7-də qeyd edirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan SQ tərəfindən işğal olunmuş Azərbaycan torpaqları, eləcə də, 27 ildən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bununla əlaqədar olaraq AzQAC İdarəetmə Şurası qərar qəbul edərək 1992-ci ildə qəbul olunmuş qərarı ləğv etmişdir. Beləliklə, BQXQA Hərəkatı günü Azərbaycanda hər il mayın 8-də qeyd olunacaqdır.
Diasporpress.az