Ölkə

75 yaşının müdriklik nuruna boyanan Sabir Rüstəmxanlı – Məlahət Qurbanovanın yazır

75 yaşının müdriklik nuruna boyanan Sabir Rüstəmxanlı – Məlahət Qurbanovanın yazırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir xalqın taleyində müstəsna rol oynayan, onun mövcudluğu və inkişafı üçün üzərinə götürdüyü missiyanı uğurla həyata keçirən bənzərsiz şəxsiyyətlər olur. Təbii ki, bu sırada Azərbaycan xalqı da istisna deyil. Çoxəsrlik tarixə malik olan, dünyanın elm, mədəniyyət və ədəbiyyat xəzinəsinə qiymətli incilər bəxş etmiş xalqımız dəfələrlə çox məşəqqətli dönəmlərdən keçib. Lakin üzləşdiyi ağır sınaqları hər dəfə geridə qoymağı bacaran Azərbaycan xalqı məhz həmin şəxsiyyətlərin uzaqgörənliyi nəticəsində varlığını günümüzə qədər sürdürə bilib, dünyada imzalar içərisinə öz imzasını atıb. Bu qeydləri yazmaqda məqsəd tariximizn qəhrəmanlıq dolu səhifələrini yenidən vərəqləmək yox, şərəfli tariximizi yazmaqda davam edənlərdən biri – çox dəyərli ziyalımız, Xalq şairi, 75 yaşının müdriklik nuruna boyanan görkəmli ictimai-siyasi xadim Sabir Rüstəmxanlının “ömür kitabı”na qısa nəzər salmaqdır.
Sabir bəy o şəxsiyyətlərimizdəndir ki, adı çəkiləndə ən azı son 35 ildə baş vermiş Azərbaycan və bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən ən mühüm hadisələr göz önündə canlanır. Çünki böyük ziyalımız nəinki vurğulanan olayların mərkəzində yer alıb, həm də o proseslərin lokomotivinə çevrilərək, ağır tarixi məsuliyyəti üzərinə götürməkdən çəkinməyib. “Axın istiqamətində” rahatlıqla hərəkət edə biləcəyi halda, fərqli və özlərini ziyalı adlandıran bir çoxlarının ayaq qoymağa belə cəsarət etmədiyi yola çıxdı, tərəddüdsüz irəlilədi. Bu dəyişməz prinsipiallığı sayəsində həyatının ən böyük məqsədi olan Azərbaycanın dövlət müstəqilliyinin bərpasında ciddi pay sahibi kimi adını çağdaş tariximizə qızıl hərflərlə yazdı.
Təbii, Sabir Rüstəmxanlı ümumxalq sevgisini bir günə, bir aya, bir ilə qazanmayıb. Kommunist rejiminin hələ dünyanı səksəkədə saxladığı dönəmlərdə də bütün yaradıcılığını və ictimai-siyasi fəaliyyətini milli şüurun oyanışına həsr etmiş Sabir bəyin bu fədakarlığını sözlə ifadə etmək imkansızdır. Onun təqribən 60 illik zamanı dövrələyən çoxşaxəli yaradıcılığını bir kənara qoysaq, sadəcə, “Ömür kitabı” Sabir bəyi ifadə etmək və qiymətləndirmək üçün yetərlidir. İndiki gənclər bəlkə də məlumatsızdır, lakin “Ömür kitabı”nın işıq üzü gördükdən sonra Azərbaycanda və keçmiş SSRİ-də doğurduğu rezonansın, həqiqətən, analoqu yoxdur. Sabir bəyin gözəl Vətənimizi qarış-qarış dolaşaraq apardığı aramsız tədqiqatların, bir sözlə, gərgin zəhmətinin nəticəsi olan “Ömür kitabı” millətimizin özünəməxsus “vizit kartı” statusunda qəbul edildi.

Ermənilərin Qarabağa növbəti iddialarının dalğasında vüsət alan milli-azadlıq hərəkatını Sabir bəysiz təsəvvür etmək mümkündürmü? Qətiyyən! Onun Bakıda 1988-ci il noyabrın 17-də başlayan və dekabrın 5-nə kimi davam edən Meydan Hərəkatının əsas liderlərindən birinə çevrilməsi də ən təbii qanunauyğunluq idi. Sabir bəy Azərbaycanın öz istiqlalına qovuşması üçün yalnızca sözü və sarsılmaz ruhu ilə mübarizə aparmadı. Bu yolda imperiyanın ağır cəza maşını ilə toqquşmada qanı tökülən azsaylı siyasətçilərin biri məhz Sabir Rüstəmxanlıdır.
Sabir bəy öz fəaliyyəti ilə istər millət vəkilinin, istərsə də yüksək dövlət məmurunun bu gün də nümunə sayılacaq obrazını yaradıb.
75 yaş Sabir bəyin dünyadakı varlığının statistik ifadəsidir. Əslində isə Sabir Rüstəmxanlının həyat kredosu yaşdan asılı olmayan “Son damla qana və son nəfəsə qədər mübarizə”dir.
Sabir bəyi xoşbəxt insan adlandırmaq üçün yetərincə səbəb var. Fikrimcə, o səbəblərin ən əhəmiyyətlisi Xalq şairimizin gözəl ailəyə, valideynlərinin başını daim uca edən övladlara və əlbəttə ki, dəyərli bacım Tənzilə xanım kimi ömür-gün, həmçinin mübarizə yoldaşına malik olmasıdır.
Çox dəyərli Sabir qardaşımı 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, şəxsi və milli planda uğurlarının hər zaman davamlı olmasını arzulayıram.
Sabir bəy, var olun, 100 yaşayın!

Məlahət Qurbanova

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq mərkəzinin sədri

 

 

Diasporpress.az