Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş ” Təhsildə 3D texnologiyaların tətbiqi ” adlı layihəyə yekun vuruldu.
Dekabrın 15-də 7 nömrəli məktəbdə layihənin yekun hesabatı və layihə iştirakçılarının sertifikatlarının təqdimetmə mərasimi keçirildi.
Layihə 3D texnologiyaları vasitəsi ilə şagirdlərin təcrübi biliklər qazanmasını və onlarda problem həll etmə bacarıqlarını inkişaf etdirməsini hədəfləmişdi.
Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 4 məktəbdən (7, 189-190, 60,212 nömrəli məktəblərdə) iştirakçılar qatılmışdır.
7 nömrəli məktəbin direktoru, layihə rəhbəri Könül Təhməzova tədbiri giriş sözü ilə açaraq layihə çərçivəsindən görülən işlər barədə ətraflı məlumat verdi. Müsabiqələrə dəstək olduqları üçün Təhsil Nazirliyinə, layihənin ərsəyə gəlməsində əməkdaşlıq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, 7,189-190, 60, 212 nömrəli məktəblərin rəhbərlərinə, müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi.
Tədbirdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov, TDM-in direktor müavini Zaur Balaqadaşov, BŞTİ- nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AGMA-nın sədri Rüfət Əsədzadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin nümayəndəsi Günel Kərimli, layihə ekspertləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmiş, layihə ilə bağlı fikirlərini söyləmişlər, həmçinin tədbirdə məktəbin şagirdlərdən ibarət xor kollektivi və rəqs qrupu çıxış etdilər.
Çıxışlardan sonra Könül Təhməzova layihədə iştirak edən müəllimlərə və layihə ekspertlərinə sertifikatlar təqdim edib, “STEAM Azərbaycan Festivalı 2021”-in qalibi olan şagirdlərləri və layihə rəhbəri, 7 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Hüseynovanı təşəkkürnamə ilə mükafatlandırdı.
Xatırlatma üçün bildirək ki, layihə STEAM Azərbaycan festivalında “3D CAD” kateqoriyası üzrə Respublika üzrə lII yerə layiq görülmüşdür.
Tədbirin aparıcısı, “Əlaçı” televiziya layihəsinin qalibi, 11-ci sinif şagridi Nəcibə Allahverdiyeva “Uğurlarımız Prezidentinimizin doğum günü hədiyyəsi olsun” sözləri ilə bitirdi.
Tədbirdən sonra təhsildə tətbiq olunacaq 3D texnologiyaları qonaqlara əyani şəkildə nümayiş etdirildi, dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırıldı.