Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.
Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 19 ili tamam olur.
Milli Məclisin deputatları Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsin fəaliyyətini necə qiymətlədirir?
Millət vəkilləri bununla bağlı fikirlərini bölüşüblər
Deputat Aqil Abbas bildirib ki, əvvəllər hətta müxalif və iqtidar diasporları vardı, indi bu problemlər həll olunub:
“Son zamanlar kadr dəyişikliyi başladıqdan sonra diaspor fəaliyyətində yeni dövr başladı. Fuad Muradov özü də bu işdə peşəkar və enerjilidir. Həmçinin, kollektiv də çox yaxşı formalaşıb. Əvvəllər diaspor fəaliyyətində ciddi problem vardı. Hansısa şəhərdə birinin təşkil etdiyi tədbirə o biri getmirdi. İndi demək olar ki, belə hallar aradan qaldırılıb. Biz bunu 44 günlük müharibə dövründə də gördük. Dünyanın hər yerindəki diaspor təşkilatları Azərbaycan reallıqları üçün ayağa qalxmışdı. Bu günlərdə Türkiyədə “Azərbaycan evi” açıldı. Almaniyada, Fransada və digər ölkələrdə bizim diaspor təşkilatlarımız aktiv fəal fəaliyyət göstərir. Onlar da düşmənə başqa cür siyasi zərbələr vururlar. Həmçinin, mətbuatla çox yaxşı işlər görülür. Hər gün diasporun fəaliyyəti demək olar ki, işıqlandırılır. Əvvəl belə bir şey yox idi. Harda nə iş, nə tədbir görüldü ictimaiyyət məlumatlandırılır.
Qardaş ölkə Türkiyə ilə birgə işlər bizim fəaliyyətimizi daha da gücləndirib. İki ölkənin təmsilçiləri bir millətin diasporu olaraq fəaliyyət göstərir. Bu da bizim işlərimizi daha da səmərəli edir”.
Deputat Vahid Əhmədov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır:
“Dünya azərbaycanlıları ilə əlaqə qurmaq, onların hüquqlarını müdafiə etmək, o cümlədən Azərbaycanın problemlərini dünyaya çatdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması çox vacib idi.
Hazırda komitəyə rəhbərlik edən Fuad Muradov kifayət qədər təcrübəli şəxsdir. İndi gördüyü işləri də çox yüksək qiymətləndirmək olar. Sədr seçiləndən sonra faktiki olaraq bütün ölkələrdə olan diaspor təşkilatları əlaqəli işləyirlər. Mütəmadi olaraq müəyyən məsləhətləşmələr, islahatlar aparılır. Ona görə də, bu əməyi yüksək qiymətləndirmək olar. Bu komitənin işini qurmaq o qədər də asan məsələ deyil. Hər bir bölgədə fəaliyyət göstərən qrupları birləşdirmək, dövlətin apardığı siyasəti tətbiq etmək və s. çox vacib məsələdir.
Amma fəaliyyət daha da gücləndirilməlidir. Elə dövlətlər var ki, orda hələ də problemlərimiz var. Çalışmaq lazımdır ki, hər bir dövlətdə diasporu bir yumruq altında birləşdirək”.
Deputat Sevil Mikayılova deyib ki, hazırda bütün dünya azərbaycanlılarını bir amal birləşdirir, bu da azərbaycançılıq ideyasıdır:
“Dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimiz məhz bu ideyanın ətrafında sıx birləşərək, ölkəmizi xaricdə təmsil edirlər. Müstəqillik qazandıqdan sonra Azərbaycan diasporunun xarici ölkələrdə formalaşması və təşkilatlanması istiqamətində böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində həyata keçirdiyi əsas siyasi xətlərdən biri məhz xaricdə yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor fəaliyyətinin gücləndirilməsi və bütün azərbaycanlıların vahid evi olan Azərbaycanla əlaqəsinin təmin edilməsi idi.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər daha mükəmməl şəkildə davam etdirilib, bunun nəticəsində güclü Azərbaycan halqası yaranıb. Biz bu möhtəşəm həmrəyliyin 44 günlük müharibə dövründə şahidi olduq. Erməni təcavüzünə qarşı xaricdə təşkil olunmuş etiraz aksiyaları, Azərbaycanın ədalətli mübarizəsinə dəstək bunun sübutudur. Vətən torpaqları uğrunda apardığımız müharibə dönəmində harada olmasından asılı olmayaraq, bütün azərbaycanlıların ürəyi Azərbaycanla döyünürdü. Bu heç sözsüz, uzun illər aparılmış miqyaslı işin, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Əminik ki, bundan sonra da Azərbaycan diasporu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vahid Azərbaycan ətrafında sıx birləşərək, ölkəmizin müsbət imicinin formalaşdırılması üçün çox böyük işlər görəcək”.
DİASPORPRESS.AZ