31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. İlk dəfə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmiş və xalqın tələbi ilə Ulu öndər siyasi hakimiyyətə qayıtdıqdan sonra həmin qərar qüvvəyə minmişdir. Bu tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir və bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsinin və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini vurğulayan Ümummilli lider Azərbaycan dövlətinin vəzifəsinin bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərməkdən, onların həyatı ilə maraqlanmaqdan və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildirmişdi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Xaricdə yaşayan azərbaycanlıların Müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qurmasını zəruri sayan Ulu öndər daim dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərt olduğunu qeyd etmişdir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid bir ideologiya ətrafında birləşməsi, ölkəmizin sürətli inkişafında onların rolunun artırılması, respublikamızla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən və öz vətənlərinə güvənən dünya azərbaycanlıları Müstəqil Azərbaycanın daha qüdrətli və nüfuzlu olmasını arzulayırlar. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi”.
Ötən il Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və Azərbaycan xalqının həmrəyliyi sayəsində 50 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçısının ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı.
Ölkə Prezidenti cənab İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır. Ölkə rəhbərinin iş rejiminin gərginliyinə baxmayaraq Azərbaycan diasporu ilə bilavasitə bağlılığı olan xarici ölkə nümayəndələrini mütəmadi qəbul etməsi artıq ənənəyə çevrilmişdir. Məhz onun bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, Azərbaycan diasporu getdikcə daha da güclənir və taleyüklü problemlərin həllində daha yaxından iştirak edir. Yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Bu mənada ümummilli əhəmiyyət kəsb edən 31 dekabr dünya azərbaycanlılarının ümummilli ideyalar ətrafında daha sıx birləşməsi baxımından tarixi əhəmiyyətli əlamətdar gündür.
Könül Təhməzova.