Ölkə

Blinkenin zəngi, Əliyevin vurğuladığı məqam

Blinkenin zəngi, Əliyevin vurğuladığı məqambackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlham Əliyevə telefonla zəng etməsi Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir.

Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, rəsmi məlumatda bildirilir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib:

“Eyni zamanda, Entoni Blinken bu il də Azadlığa Dəstək Aktına 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.

Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür. Belə ki, ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791.8 milyon dolları Azərbaycanın, 541 milyon dolları Gürcüstanın və 152 milyon dolları Ermənistanın payına düşür.

Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır.

Digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “Köhnə qitəyə” 5 milyard kubmetr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu, illik 20 milyard kubmetrədək yüksələcək.

Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı, təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Dövlət katibi Entoni Blinken ilə söhbətdə Azərbaycan Prezidenti bu günlərdə ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir”.

Diasporpress.az