Diaspor TV

3 yaşında hər iki ayağını itirən, Türkiyədə yaşayan azərbaycanlı xanımın maraqlı həyat hekayəsi

3 yaşında hər iki ayağını itirən, Türkiyədə yaşayan azərbaycanlı xanımın maraqlı həyat hekayəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diasporla İş üzrə Dövlət Komitəsinin “Vətən uzaqda deyil” verilişinin anonsunu görmüşdüm-Türkiyədə yaşayan, ayaqları olmayan xanımın həyat dastanını çəkmişdilər. Səbirsizliklə gözləyirdim. Baxdım və verilişin müəllifi Vəsilə Vahidqızına, filmin qəhrəmanları Vəfa və Mehmet Aktuzlara könlümdən keçənləri, içimi dağlayan və qürurlandıran hissləri yazıram.

“Hər kəsin həyatı bir roman kimi”- fikri ilə tanışıq. Bu romanın səhifələri kimdə necə yazılıb, hansı səhifələri daha maraqlıdır, oxuyan və o romanı yaşayan bilir. Bir romana bənzər həyatın ən vacib, örnək ola biləcək epizodları ilə tanış oldum. Təşəkkür edirəm, Vəsilə xanım. “Sabah bizə nə olacağı bəlli olmaz”, – bunu deyən insan burada Vəfa xanım və Mehmet bəy qədər möhtəşəm bir insandır. Özü görünməsə də, bu sözlər o qədər böyük həyati fəlsəfi məna daşıyan bir fikirdir ki. O cür valdeynin də Mehmet əfəndi kimi övladı olar. Sağlam özül üzərində yüksəlmiş mükəmməl bir insan xarakteri.

Dünyaca məşhur motivator Nik Vuyçiçin həyat hekayəsini xatırladım. Mahsun Kırmızıgülün “Möcüzə” filmində belə bir dialoq var: “Benim oğlum sakatdır”. Cavabında: “Kalbi sakat olmasın”- deyilir. Mehmet bəyin düşüncələrini dinləyəndə, onun Allaha necə bağlı olduğunu, hər dəfə sevdiyi qadın haqqında, keçirdiyi hisslər haqda danışanda kövrəldiyini görəndə əsl sağlam düşüncəli, “kalbi sakat olmayan”, qızıl kimi ürəyi olan bir insanı gördüm.

Günahların, cinayətlərin, hər cür çirkinliklərin baş alıb getdiyi indiki zamanda Yer ona görə öz məhvərindən çxmır ki, bu cür adamlar var, Yer onların çiyni üzərində fırlanır, əməllərinin işığında yol gedir. Vəfa xanım kimi mərd, sağlam düşüncəli, cəsarətli, ayağı olanlardan daha çox sağlam və fədakar azərbaycanlı qadın – xanım və ananın həyatı,düşüncələri ilə tanış olan ona heyran olmaya bilməz.

Əzizim Vəfa xanım, həyat hər kəsi bir cür sınağa çəkir. Bu sınaqdan – imtahandan uğurla çıxmaq hamıya nəsib olmur. Sizin çətin həyat hekayəniz məni yaman kövrəltdi, həm də qürur duydum. İnsanın daxili mənəvi gücü, ruhu və həyata baxışı sağlam olanda iradəsi dağları dizə gətirər. Nə qədər sevgi ilə dolu, həyata, dünyaya əsl qadın-xanım baxışı ilə tam mənasilə əqidə və düşüncələrimlə eyni olan bir xanımsız – hamıya örnək olan bir xanımsız. Yaşayın, öz ictimai fəallığınızı davam, inkişaf etdirin. Hamının yardımına qoşan əsl insan kimi Tanrı sizinlə olacaq həmişə. Buna əminəm.

Bu hekayət bir tərəfdən də ona görə möhtəşəmdir ki, iki qardaş -bir millət xalqın iki ən gözəl oğul və qızının ittifaqı- hamıya nümunə ola biləcək sevgisi üzərində qurulub. Budur əsl sevgi, doğmalıq, birlik və güvən üzərində qurulan səadət. Sizə bir ömür boyu mutluluqlar diləyirəm, əzizim Vəfa xanım və Mehmet bəy.
Diasporla İş üzrə Dövlət Komitəsinə bizi bu həyat dastanı ilə tanış etdiyi üçün minnətdaram. Bir diaspor nümayəndəsinin ibrətamiz həyat hekayəsi neçə insana ümid oldu, mənəvi güc verdi.

Həcər Paşayeva,
müəllim