“NATO-ya qapı açıqdır və Rusiya Gürcüstanın alyansa üzvlüyünü əngəlləmək haqqına malik deyil”.
Bu sözləri NATO baş katibi Yens Stoltenberq bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Stoltenberq deyib ki, NATO Gürcüstanın ittifaqa qoşulmaq istəyini dəstəkləyir və bu yolda ona kömək edir. Onun sözlərinə görə, bunu o, bir neçə gün əvvəl Brüsseldə keçirdiyi görüş zamanı Gürcüstan baş naziri İrakli Qaribaşviliyə də söyləyib.
“NATO-nun qapısı açıqdır və bir neçə il əvvəl Çernoqoriya və Şimali Makedoniyanı ittifaqa qəbul etdiyimiz zaman bu, bir daha aydın oldu. Bu, o deməkdir ki, NATO yeni üzv qəbul etməyə hazırdır. Bu, sadəcə, nəzəriyyə deyil, reallıqdır. Üzvlük isə Alyansın bütün üzvləri ilə razılıq əldə olunduqda və namizəd ölkə standartlara cavab verdiyi zaman baş verir. Biz bu yolda Gürcüstanı dəstəkləyirik. Mən NATO üzvü ölkələr adından danışa bilmərəm, amma burda – NATO-da ABŞ dövlət katibi ilə görüşü səbirsizliklə gözləyirəm və müzakirə edəcəyimiz məsələlərdən biri də Rusiya olacaq. Rusiya dəfələrlə ölkələrin NATO-ya üzv olmasını əngəlləmək hüququna malik olduğunu bildirib. Bunu son dəfə Bosniya və Herseqovinanın məsələsində gördük. Bir daha xatırladım ki, blok üzvləri və namizəd ölkədən başqa heç bir ölkənin bu və ya digər dövlətin Alyansa üzvlük barədə qərar qəbul etmək hüququ yoxdur. Bu, Gürcüstana da aiddir. Gürcüstanın öz yolunu seçmək kimi suveren haqqı var. Başqa kimsənin bu demokratik prosesə müdaxilə etmək hüququ yoxdur”, – deyə baş katib qeyd edib.
Brüsseldəki mətbuat konfransında NATO baş katibi həmçinin, NATO xarici işlər nazirlərinin sabah – 23-24 mart tarixlərində iki günlük görüşü zamanı Rusiya ilə bağlı müzakirə ediləcək mövzulardan danışıb. Bu kontekstdə Şimali Atlantika blokunun rəhbəri Gürcüstanı da xatırladıb və vurğulayıb ki, Rusiya beynəlxalq hüququ kobud şəkildə pozaraq, öz qonşuları Gürcüstan və Ukraynaya qarşı aqressiv davranır. Onun sözlərinə görə, Rusiyanın bu davranışına görə məsuliyyəti Rusiya Prezidenti daşıyır.
Diasporpress.az