Diaspor

20 yaşlı gəncin müdrik fəaliyyəti – dövlətin kənarda döyünən ürəyi – Toğrul Allahverdili yazır

20 yaşlı gəncin müdrik fəaliyyəti – dövlətin kənarda döyünən ürəyi – Toğrul Allahverdili yazırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 yaşlı gəncin müdrik fəaliyyəti – dövlətin kənarda döyünən ürəyi

Bu gün Azərbaycanın diaspor sahəsində siyasətini həyata keçirən dövlət qurumunun yaranması günüdür. Diasporla İş üzrə Dövlət Komitəsinin nə az, nə çox – düz iyirmi yaşı tamam olur. Əgər dövlət qurumlarını bir igidin ömürü ilə müqayisə etsək, o zaman komitənin yaşı ona gənc deməyimizə əsas verir.

Düz 20 il əvvəl – 2002-ci ilin iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verib.

Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub.

Diasporçular Azərbaycanın kənarda döyünən ürəkləridir

Hər bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan vətəndaşlarına diqqət və qayğısının olmasıdır. Elə bizim Azərbaycanımız kimi, dövlətimiz və xalqımız kimi. Dövlətin ölkədən kənarda yaşayan vətəndaş və soydaşlarına qayğı və diqqəti onun vəzifələrindən biridir. Ölkə hüdudlarından uzaqda azərbaycançılıq ideologiyasını yaşadanlar, dövlətin milli maraqlarını qoruyanlar və Vətəninə hər yolla xidmət göstərənlər isə Azərbaycanın kənarda döyünən ürəkləridir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi diaspor sahəsində də əsaslı dönüş yaratdı. Bu gün diaspor quruculuğu həm ümummilli liderin, həm də onun siyasətinin uğurlu davamçısı olan Müzəffər Ali Bsş Komandan, Cənab İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil ölkəmiz, dövlətimiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması işləri bu gün də davam edir.

Dövlətçilik yolunda Komitənin əvəzsiz xidmətləri

Yuxarıda qeyd etdiyim kimi, diaspor sahəsində imzalanan bütün sənədlər həm də bu sahədə islahatların həyata keçirilməsinə yol açıb. Ötən illər ərzində diaspor sahəsində görülən işlər danılmazdır. Təbii ki, bir neçə il bundan öncəyə qədər Diasporla İş üzrə Dövlət Komitəsinə qarşı narazılıqların mövcudluğunu gizlədə bilmərik. Çünki elə məhz o narazılıqlar islahatların olmasını zəruri etdi. Amma unutmamalıyıq ki, bu narazılıqlar sonradan bu sahədə həyata keçirilən islahatlar fonunda razılıqla əvəzlənə bildi. Məhz Cənab Fuad Muradovun Dövlət Komitəsinə rəhbər təyinatı diaspor quruculuğu istiqamətində həyata keçirilən uğurlu işlərin fəaliyyətini sürətləndirdi. Onun təyinatı diaspor sahəsində daha çox gənclərin fəaliyyət göstərməsinə yol açdı.

Bu gün Dövlət Komitəsinin həyata keçirdiyi bütün işlər ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Hətta düşünürəm ki, son illər Dövlət Komitəsində görülən işlər əvvəlki narazılıqların üzərini örtə bilib.

Vətən müharibəsi zamanı biz bütün azərbaycanlıların dəstəyini görmüş olduq. Bu müharibə zamanı dünya azərbaycanlıları yumruq kimi birləşdi, vətəndaşlığından asılı olmayaraq hər bir azərbaycanlı Cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirdi. Çünki hər kəs Prezident İlham Əliyevə inanırdı və hər kəs əmin idi ki, Azərbaycanın torpaqları işğaldan azad olunacaq.

Bu il Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi hər birimizdə qürur hissi oyadıb. Azərbaycandan kənarda yaşayan yüzlərlə soydaşımıza qucaq açan Şuşa tədbirə ev sahibliyi etməklə bu qurultaya alilik və müqəddəslik qatmış oldu. Çünki Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının həyatında böyük əhəmiyyətə malik tarixi hadisədir.

Diasporla İş üzrə Dövlət Komitəsini Yaranmasının 20 illik yubileyi münasibətilə hörmətli sədr başda olmaqla Komitənin bütün əməkdaşlarını, bu sahə ilə məşğul olan hər bir kolleqanı, eləcə də xaricdə fəaliyyət göstərən bütün soydaşlarımızı Diaspor İnformasiya Mərkəzi adından səmimi qəlbdən təbrik edir, çətin və məsuliyyətli işlərində böyük nailiyyətlər əldə etməyi arzulayıram.

Bu bayram bizim bayramımızdır!

Gücümüz birliyimizdədir!

Bayramımız mübarək, arxa cəbhənin qəhrəmanları!