Ölkə

“Yardımlının icra başçısı həbs edilməlidir” – Hafiz Hacıyev

“Yardımlının icra başçısı həbs edilməlidir” – Hafiz Hacıyevbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat Pariyasının (MMP) sədri Hafiz Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsini mənimsəyib qanunsuzluğa yol verən məmurlara qarşı son günlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirlərinə münasibət bildirib.

Bununla bağlı İnterpress.az-a açıqlama verən partiya sədri bildirib ki, dövlət büdcəsini mənimsəyən bütün məmurlar layiqli cəzalarını almalıdırlar:

“Hətta bəzi məmurlar da var ki, yalnız özləri üçün işləyirlər. Bu da onların harınlamasından irəli gələn məsələlərdir. Ona görə də düşünürəm ki, xəyanətkar məmurlara qarşı həyata keçirilən bu proseslər davam etməlidir. Dövlətin büdcəsini yeyən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar bağışlanmamalı və onlara güzəşt olunmamalıdır”.

Pariya sədri həmçinin qanunsuzluğa yol verdiyi üçün həbs olunmuş icra başçılarından danışıb. O, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısını koronavirus infeksiyasının qarşısının alınması üçün Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə ayrılan yardımları mənimsəməkdə ittiham edib:

“Bir neçə gün öncə Vətəndaş Həmrəyli Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında Yardımlının icra başcısı haqqında məsələ qaldırmışdı. Onun bu çıxışından sonra isə Yardımlının “banditini” müdafiə edən deputat da ortaya çıxdı. Amma məlumdur ki, Yardımlının icra başçısı dövlət tərəfindən aztəminatlı və həssas təbəqədən olan ailələr üçün göndərilmiş ərzaq sovqatlarını mənimsəyir, bir hissəsini isə yardım kimi paylayır. Bunların Allahı, peyğəmbəri yoxdur. Bunlar vicdansız adamlardır və belələri vicdanlarını, qeyrətlərini, namuslarını yalnız pulda görürlər. Ona görə də hesab edirəm ki, Yardımlının icra başçısı çoxdan getməli idi:

Hafiz Hacıyev Yardımlının cra başçısını müdafiə edən deputat barədə də fikirlərini bölüşüb. O bildirib ki, Sabir Rüstəmxanlı əslən Yardımlıdan olduğu üçün rayon sakinləri şikayətləri daha çox ona çatdırırlar:

“Amma buna baxmayaraq, bu rayonun icra başçısını müdafiə edən deputat çox böyük səhvlərə yol verir. Çünki hazırki vəziyyətdə belə bir insanı müdafiə etmək yolverilməzdir. Bu cür icra başçıları və məmurlar hamısı xalqa qənim kəsiliblər, onların hamısı həbs olunmalı və əmlakları müsadirə edilməlidir. Bizim partiyanın Yardımlı Rayon Təşkilatının sədri mənimlə dəfələrlə əlaqə saxlayıb və bu rayondakı vəziyyətin digər rayonlara nisbətən daha bərbad və acınacaqlı olduğunu bildirib. Çünki icra başçısı Yardımlıda at oynadır. Rayon sakinləri də bizə müraciətlər edirlər ki, onların şikayətlərini müvafiq orqanlara çatdıraq”.

 

DiasporPress.az